- Cəmiyyət

ABŞ dövlət katibinin müavini Ukraynaya gedib

Bazar ertəsi, yanvarın 16-da ABŞ dövlət katibinin müavini Vendi Şerman Ukraynaya işgüzar səfər edib.

Bu barədə “Report” Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə və Ukraynanın Baş naziri Denis Şmıqal teleram kanalındakı paylaşımına istinadən xəbər verir.

Səfər çərçivəsində o, baş nazir Denis Şmıqal və Prezident Ofisi rəhbəri Andriy Yermakla görüşlər keçirib.

Şerman ABŞ nümayəndə heyəti üçün Ukraynanın Rusiyanın genişmiqyaslı işğalına qarşı çıxmasına dair brifinqdə iştirak edib.

Tədbir zamanı Yermak amerikalı tərəfdaşlarını Rusiyanın hücumu səbəbindən Ukraynada və onun sərhədləri ətrafında baş verən əsas hadisələr barədə məlumatlandırıb. O, həmçinin müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə Ukraynanı dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib.

“Ukraynalılar ABŞ, Amerika xalqı, hökuməti, Prezidenti və Konqresin göstərdiyi yardım və dəstəyi heç vaxt unutmayacaqlar”, – Yermak beynəlxalq koalisiyanın birləşməsində ABŞ rəhbərliyinin əhəmiyyətini vurğulayaraq deyib.

Brifinq zamanı Ukrayna kəşfiyyatının nümayəndələri və əməliyyat rayonlarının qoşun komandirləri ABŞ nümayəndə heyətini cəbhədəki mövcud vəziyyət və müdafiə qüvvələrinin ehtiyacları barədə məlumatlandırıblar.