- Manşet, Mədəniyyət

“Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcı” virtual kitab sərgisi tərtib edilib

Azərbaycanın hərb tarixində şanlı qələbə ilə nəticələn bir çox döyüşlər, tarixi məqamlar olub. Zaman-zaman Azərbaycan dövlətinin gücünə, qüdrətinə, necə mübariz və mətin bir xalq olmasına hərb tarixi də şahidlik edib.

Azərbaycanın ən yeni tarixinə yazılan növbəti şanlı səhifələrdən biri də Aprel döyüşləridir. Bəli, 2016-cı ilin aprel ayında demək olar ki, hər kəsin müzakirəsi, narahatçılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı idi. Sevindirici hal isə odur ki, hamının aparıcı mövzusu, müzakirə yeri olan Aprel döyüşləri qələbə ilə, qalibiyyətlə nəticələndi. Qələbə qazanıldı, amma bu qələbənin əldə olunması üçün şəhidlər də verdik. O şəhidlər ki, onlar bizim həm qürur yerimiz, tariximiz, həm də qalibiyyətimizdir.

2016-cı ilin aprelin 2-də Ermənistan ordusunun təxribatı ilə başlayan Aprel döyüşlərindən 5 il ötür. Tarixə 4 günlük müharibə kimi düşən Aprel döyüşlərində qəhrəman Azərbaycan Ordusu düşmən tapdağı altında olan 2 min hektardan çox ərazimizi işğaldan azad etdi, strateji əhəmiyyətə malik bir çox yüksəklikləri və yolları öz nəzarəti altına aldı. Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi.

Daim gənclərlə işləyən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da bugünkü gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən Aprel döyüşlərinə dair materialları istifadəçilərin diqqətinə çatdırmaq məqsədilə “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” adlı virtual kitab sərgisi tərtib edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilib. Aprel döyüşləri haqqında sitatlar, şəkillər və mövzuya dair onlayn istifadəsi mümkün olan kitabların və dövri nəşrlərdə çıxan məqalələrin tam təsviri də virtual kitab sərgisində yer alıb. Virtual kitab sərgisində Elşən Əliyevin “Murov qartalı”, Şövqi Bünyatovun “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu”, Aida Eyvazlının “Qalibiyyət : şahidlər və şəhidlər”, Murad, Güləmailinin “Aprel döyüşləri” və s. adda 20-ə yaxın kitab və onların məzmununu açan qısa annotasiyalar, bu materialların tam mətninin yerləşdirildiyi linklər verilib. “Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı” adlı virtual kitab sərgisi qürur mənbəyimiz olan Aprel döyüşləri haqqında istifadəçiyə dolğun məlumat verə biləcək faydalı bir materialdır.

Sözügedən sərgiyə aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=Lvtdo4-fqTY