- Mədəniyyət

“Avatar 2” filminin treyleri izlənmə rekordu qırıb

Bazar ertəsi online yayımlanan “Avatar 2” filminin treyleri bütün zamanların ən çox baxılan treylerləri sırasına daxil olub.

AZƏRTAC xəbər verir ki, “Disney” və “Fox” kinostudiyaları tanınmış rejissor Ceyms Kameronun maraqla gözlənilən filminin treylerinin yayımlanmasının ilk 24 saatında 148,6 milyon unikal baxış sayına çatdığını açıqlayıblar. Beləliklə, “Avatar 2” treyleri ən çox izlənilən treylerlər siyahısında “Star Wars” filmini üstələyib.

Filmdə Keyt Uinslet, Siqurni Uiver, Stiven Lenq, Kliff Kertis, Coel Mur, Ceymi Fletters, Briten Dalton, Triniti Bliss və başqa tanınmış simalar rol alıblar.

Xatırladaq ki, ilk “Avatar” filminin premyerası 2009-cu ildə baş tutub. Bu film kino tarixində ən çox gəlir gətirən film olub. Hazırda layihə qlobal kassada 2,8 milyard dollar qazanıb. Film doqquz nominasiya üzrə “Oskar”a namizəd olaraq, üçündə qalib gəlib. “Oskar” mükafatını təmsil edən heykəlciklər quruluşçu rejissor, rəssam və operator işinə, eləcə də vizual effektlərə görə verilib.

Qeyd edək ki, “Avatar: Su Yolu” (“Avatar: The Way of Water”) filminin premyerası 2022-ci il dekabrın 16-na planlaşdırılıb.