- Cəmiyyət

Azərbaycan dili imtahanında ikinci cəhddə iştirak üçün qeydiyyat başlayıb

Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

“Report” xəbər verir ki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 5 iyun saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.