- Mədəniyyət

Azərbaycanın məşhur musiqiçi ailəsi İstanbulda konsert verib

Azərbaycanı dünyada təmsil edən Manafzadələr ailəsi İstanbulda ailəvi konsert veriblər.

AZƏRTAC xəbər verir ki, İstanbul Filarmoniya Dərnəyi tərəfindən təşkil edilən konsert proqramı şəhərin Kadıköy rayonunun məşhur Moda bölgəsində yerləşən “All Saints” kilsəsində gerçəkləşib.

Konsertdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və pianoçu Şükufə Manafova səhnəyə çıxıblar.

Dünya klassik əsərlərinin yenidən canlandığı proqramda Turan Manafzadənin Azərbaycana həsr etdiyi “Azərbaycanım” əsəri və “Sənsiz” mahnısı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Solo və duet ifaların diqqət mərkəzində olduğu konsertdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilib.

Manafzadə ailəsi piano konserti çərçivəsində Turan Manafzadənin rəsm əsərlərindən ibarət sərgi də sənətsevərlərə təqdim olunub.

Tədbirin sonunda tamaşaçılarla bir araya gələn ailə üzvlərinə İstanbul Filarmoniya Dərnəyi tərəfindən gecənin xatirə plaketi təqdim olunub.