- Mədəniyyət

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Fotoqrafiya ilə baş verən hadisələri, maraqlı anları, gözəl məkanları, sevdiyimiz insanları və bir daha təkrarlanmayacaq məqamları əbədiləşdirmək mümkündür. Fotoşəkillər sayəsində keçmişə qayıda, onlara baxarkən həyatımızın bir çox gözəl anlarını xatırlaya bilirik. Üstəlik, fotoqrafiya bəziləri üçün, sadəcə, hobbi deyil, həm də peşədir. Buna görə də bu sahənin özünəməxsus bayramının – Ümumdünya Fotoqrafiya Gününün olması təəccüblü deyil.

AZƏRTAC xəbər verir ki, həm həm həvəskar, həm də peşəkar fotoqraflar, eləcə də bu sənətin pərəstişkarları hər il avqustun 19-da bu günü qeyd edirlər. Ümumdünya Fotoqrafiya Günü 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis olunub.

Bu günün tarixinin avqustun 19-na təsadüf etməsinin səbəbi isə 1839-cu ilin həmin günündə fotoşəklin əldə olunması üsulu – fotoqrafiyanın ilkin nümunəsi hesab edilən dagerotipin geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu ixtira fransız rəssamı Lui Jak Mande Dagerə məxsusdur. Fransa hökuməti bu perspektivli innovasiyanın patentini satın alaraq onun ixtirasını “dünyaya hədiyyə” elan edib. J.L.Dagerin ixtirası fotoqrafiyanın hamı üçün əlçatan texnologiyaya çevrilməsi yolunda ilk addımlardan biri olub.

Bu gün həyatımızın demək olar ki, bütün sahələrində möhkəm yer tutan fotoqrafiyanın qədim tarixi var. Məhz dagerotipiya – metal lövhə üzərində təsvirin əldə olunması prosesi fotoşəkil çəkməyin ilk praktik üsulu hesab edilir. Daha doğrusu, təsvirin əldə olunması və sabitləşdirilməsi prosesi 1820-ci illərin əvvəllərində fransız ixtiraçı Jozef Nisefor Nyeps tərəfindən yaradılıb. Lakin təsvirin mis lövhə üzərində əldə edilərək sabitləşdirilməsinə nail olan Lui Dagerin şərəfinə bu proses onun adı ilə adlandırılıb. Buna görə də dagerotipiya müasir fotoqrafiyanın əsası hesab olunur.

Sonrakı illərdə bir çox alimlər müxtəlif material və kimyəvi maddələrdən istifadə etməklə fotoşəkillərin əldə olunması prosesini təkmilləşdirməyə davam ediblər. 1861-ci ildə Ceyms Maksvell rəngli fotoşəkli əldə etməyə nail olub. 1981-ci ildə isə “Sony” şirkətinin rəqəmsal kameranı ixtira etməsi rəqəmsal fotoşəkillərin çəkilməsinə imkan yaradıb və ənənəvi fotoplyonkadan imtina üçün yol açıb. Buna baxmayaraq, bu gün də bir çox peşəkar fotoqraflar öz fəaliyyətlərində fotoplyonkaya üstünlük verirlər. Rəqəmsal texnologiyalar dövründə isə hər birimiz heç bir çətinlik çəkmədən sonradan üzümüzdə təbəssüm yaradan, bizi kövrəldən və ya heyrətləndirən anları fotoşəkillərlə əbədiləşdirə bilirik.

Təbii ki, fotoqrafiyanı peşə seçən insanların həyatında bu sənətin xüsusi yeri var. Onların əməyini haqlı olaraq sənət adlandırmaq olar. Buna görə də bu gün bütün fotoqrafları peşə bayramları münasibətilə təbrik etmək mümkündür.

Ekspertlər də müasir dünyada fotoqrafiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Fotoqrafiya yalnız estetik zövq vermir, həm də tarixin mühüm məqamlarını qoruyub saxlamağa kömək edir, sənayenin və elmin müxtəlif sahələrində tətbiq olunur. Buna görə də ayrı-ayrı ölkələrdə və beynəlxalq səviyyədə fotoqrafiya icmalarının inkişafına və dəstəklənməsinə yönəlmiş təşəbbüslər müsbət qarşılanır.

Ümumiyyətlə, Ümumdünya Fotoqrafiya Günü foto çəkməyi və fotoşəkil çəkdirməyi sevən hər kəsin bayramıdır. Bu isə onu olduqca rəngarəng və pozitiv bir günə çevirir. Elə bu gün hər kəs də yadda qalan anları və gözəl mənzərələri əbədiləşdirmək üçün istənilən fotoçəkiliş vasitəsini əlinə alıb, bu maraqlı dünyaya addım ata bilər.