- Təsəvvüf, Xəbərlər

Cəlaləddin Rumi

Vasif SADIQLI

«Mən o sultanlardan deyiləm ki, taxtdan qəbirə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var»

C.Rumi

Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi. Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi.

Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda.

Ahəstə get, ey sariban…

Evin əndərun hissəsində qadınlar xalı-xalçaları, paltar və parçaları, zinət şeylərini yerbəyer edir, bu yanda isə Bəhaəddin Vələd kitabları qablaşdırırdı. Tumac, dəri, parça üzlü bu kitabların üzü elə Bəlxin özündə köçürülmüşdü. Bunların içində Mütənəbbinin, Sənainin, Əttarın divanları, Qəzali və Xarəzmi kimi ilahiyyatçıların traktatları vardı. Bəhaəddin Vələd Xarəzmdə Nəcməddin Kübranın müridi olub, sonra özü şeyxlik mərtəbəsinə yüksəlmişdi. Bu gün Allahdan başqa heç kimin qarşısında əyilməyən «Alimlər Sultanı» dizini qatlayıb yüzlərlə fərsəx uzaqda olan şeyxi ilə vidalaşırdı. Bir qədər sonra isə onun cümə məscidindən ucalan qəzəbli səsi bütün şəhəri lərzəyə salacaqdı:

– Ey Vəhşin qazısı, ey başda Fəxrəddin Razi olmaqla bütün mürtədlər, ey Xarəzmşah Məhəmməd! Bilin və agah olun! Fani dünyanın zülməti sizi kor edib, özünə vurğunluq sizdə laqeydlik və süstlük yaradıb. Ağıl və idrak sizdən aralanıb. Başçılarında təkəbbür olan məmləkəti isə şeytan idarə edir. Mən gedirəm, məndən sonra çəyirtgə kimi gələn monqol qoşunu bu məmləkətin daşını daş üstə qoymayacaq. Bu, Allahın cəzasıdı. Məşhur hədisdə deyilir: «Mən onları öz qəzəb və hirsimdən yaratdım» Xorasan qan gölündə üzəcək, şah özü isə qaçıb qürbətdə xəbər-ətərsiz öləcək».

Xarəzmşah Məhəmməd sufilər arasında gözdən düşmüşdü. Böyük sufi şeyxi Məcdəddin ona təsir eləmək üçün anası Türkan xatundan istifadə eləmək qərarına gəlmişdi. Və hər şey yaxşı alınırdı. Sonradan ruhanilər guya şeyxin Məhəmmədin anasına eşq elan eləməsi haqda rəy yaradıb onun edam olunmasına nail oldular. O biri tərəfdən isə Xarəzmşah bütün xilafətin sahibi olmaq fikrinə düşmüş və hətta Bağdada onun adına xütbə oxunması haqda tələb də göndərmişdi. Bu tələbə çox sərt rədd cavabı göndərildi. Xarəzmşahın qoşunları isə Bağdada çatmamış qara-çovğuna düşüb məhv oldu. Onlarla minlik qoşundan yüzə qədər adam salamat qaldı. Bu da bir yandan onun nüfuzunu daha da laxlatdı. Azad sənətkarların – əxilərin gözündən düşən bir hökmdarın aqibəti elə belə də olmalı idi.

Yol gedir Nişapura

Ata bu sözləri deyəndə onun 12 yaşlı oğlu Cəlaləddin damın üstündə əlləri fərəcəsinin (uzun qollu kişi üst geyimi) cibində axırıncı dəfə doğma şəhərə baxırdı. Àyrılığın acısını o, hələ sonra duyacaqdı. Qarşıda Nuşapur idi. Tale onları burada böyük alim Fəriddədin Əttarla görüşdürdü. Bəhaəddin Vələdi yaxşı tanıyan böyük şeyx qısa söhbətdən sonra Cəlaləddin haqqında böyük uzaqgörənliklə: «Bu oğlan bütün insanların qəlbində Allah qarşısında heyranlıq məşəli yandıracaq» – deyib özünün «Əsrarnamə»sini ona bağışlamışdı. Bir müddət sonra Çingiz xanın qoşunları Bəlxi yerlə yeksan etdilər. Xarəzmşah şərəfsizcəsinə qaçdı və ömrünü Xəzərdəki adalardan birində tənhalıqda başa vurdu. Fəriddədin Əttarsa monqollara əsir düşdü. Onu əsir alan bir monqol yüz gümüş sikkəyə satmaq istəyəndə böyük şeyx: «Bu, mənim qiymətim deyil» demişdi. Sonra bir alıcı «qula» bir tay saman qiymət qoyanda Fəriddədin: «Bax, bu layiqli qiymətdi» söyləmiş, qəzəblənən monqol onu qılıncla doğramışdı. Bu vaxt dünya şöhrətli filosofun yüz yaşı vardı. Sonralar Əttar fəlsəfəsi yaxından tanış olan Cəlaləddin onun haqqında belə demişdi: «Əttar məhəbbətin (ilahi eşq nəzərə tutulur) yeddi şəhərini gəzib, bizsə bircə küçəsini dolaşmışıq».

Allahdan gəlib Allaha gedən qonaq

Nişapurdan çox dayanmayıb Bağdada yol alan qafiləni şəhərin həndəvərində keşikçi dəstəsi saxladı. «Kimsiniz və hara gedirsiniz?» sualına Bəhaəddin Vələd özünəməxsus təmkinlə cavab verdi: «Allahdan gəlib Allaha doğru gedirik». Bu qəribə yolçunun ərəbcə çox aydın dediyi bu qeyri-adi sözlər keşikçi başçısını şok vəziyyətinə saldı. Nə onları saxlaya, nə də buraxa bilirdi. Təcili Bağdadın şeyxlər şeyxi Sührəvərdiyə çapar göndərdilər. Xorasandan Gələn karvandakı kişinin hamının təəccübünə səbəb olan sözlərini eşidən Sührəvərdi: «Bu, yalnız Bəhaəddin Vələd ola bilər» – deyib özü onları qarşılamağa çıxmışdı.

Ehtirasın mancanağa çevirdiyi adamlar

Bağdadda bir müddət qalandan sonra Konyaya gəldilər. İlk savadını atasından alan Cəlaləddin burada Seyid Bürhanəddinin müridi oldu. Seyid Bürhanəddin Cəlaləddinin atasını axtara-axtara gəlib bu yerlərə çıxmışdı. Artıq Bəhaəddin Vələd həyatda yox idi və Seyid onun oğluna mürşidlik etməli oldu. Cəlaləddin bütün günü ağır işlər görməli idi. Axşamlar isə iki dəfə yuyunub xoruz banına qədər atasının «Maarif» kitabını oxuyurdu. Mürşidi bu kitabı yüz bir dəfə oxumağı məsləhət görmüşdü. Birinci mərhələ qurtarandan sonra daha ağır bir iş tapşırıldı. O, iki müridlə birlikdə bütün günü sufi təkyəsi üçün sədəqə toplamalı idi. Sufi nəzəriyyəsinə görə kamilliyə gedən yolda mürid mütləq özünün «hökmfərma mən»ini öldürməlidir. Bu tələb – dilənmək də onunla bağlı idi. O, hər gün başqalarının qarşısında alçalmalı idi. Ən çətini isə ilahiyyatçı, üləma və fəqihlərdən dilənmək idi: çoxları onun «Üləmalar Sultanı»nın oğlu olduğunu bilirdi. Gecələr uzun müddət ayıq qalmaq, bədənə verilən məhrumiyyətlər ona adamların fikrini, xarakterini bircə baxışına, sözünə, güclə seziləcək hərəkətinə görə qiymətləndirmək imkanı verirdi. Öz ehtiraslarının əlində əsir olan bu adamlar mancanaq kimi bir şeydilər. Müəyyən təsir həmişə adekvat reaksiya doğurur: düşünmədən daş qoyur və atırlar. Yeməkxanalardakı sırtıq və sürtülmüş avara həmişəordalar tasa xırda pulu itə sümük atan kimi atırdılar. Varlı, dəbdəbəli evlərdə isə sədəqəni günahlarını yumaq üçün verirdilər. Karvansara və ticarət yerlərində hər şey qaydasınca hesabalnmiş şəkildə olurdu. Qazancın onda biri şəriətlə nəzərdə tutulduğu kimi sədəqə verilirdi. Əyanların özləri isə bir başqa cür idi. Əyan nə qədər varlı və yüksək mənsəbli olardısa, qulluqçular o qədər təkəbbürlü olurdu. Xacələr öz hökmdarının kişilik atributlarından fəxarət duyduğu kimi onlar da ağalarının verdiyi sədəqədən qürur duyurdular. Bir yaz və bir yaya Cəlaləddin şəhəri bütün əvvəlki illərdəkindən daha yaxşı tanıdı. .

Aclıq imtahanı xeyli mürəkkəb idi. Aylarla davam edən çətinlikləri yola vermək üçün şeyxin məsləhəti ilə qarnına daş bağlayırdı.

1001 günlük imtahanın son akkordları

Təlimin yeni mərhələsində Seyidin rəhbərliyi ilə Cəlaləddin saatlarla Quranın bu və ya başqa surəsini ən narahat vəziyyətlərdə oxumalı idi. Gah qıçlarını qarnına doğru yığar, gah ayaqlarının birini uzadıb, o birini altına qatlayırdı. Surəni o vaxta qədər təkrar etmək lazım idi ki, ayələrin oxunuşundan yaranan melodiyalar obraz və görüntülər gətirsin.

Min bir günlük müddət başa çatmaq üzrə idi. Sonda qırx günlüyə qaranlıq otaqda qalmalı idi. Arada cəmi iki dəfə mürşid ona tərəf çevrilib baxmadan boş su qabını götürüb dəyişdi. Qırxıncı gün qapını açdılar və şeyx ona yaxınlaşdı. Cəlaləddin onun fikrini oxumalı idi. Onun dodaqlarında qəmli bir təbəssüm yarandı və yavaş səslə:Dünyada kənarda olan heç nə yoxdur, Nə axtarsan, hər şeyi özündə taparsan – deyə pıçıldadı. Şeyxin fikrini oxuyan mürid daha mürid hesab olunmurdu. Seyid Bürhanəddin onu bağrına basdı. Həmin gün Cəlaləddinin başına çalma bağlayıb, uzun tərəfini sağ çiyninin üstünə atdılar.

«İki dənizin qovuşduğu yer»

Günlərin birində Konyada iki nəfər üz-üzə gəldi. Bu görüş, bu təsadüf Cəlaləddinin yenidən dünyaya gəlməsinə bərabər idi. Onun həyatının ən mənalı anları bu görüşdən sonra başladı. Bu yeri camaat sonralar Mərəc əl-Bəhreyn – iki dənizin qovuşduğu yer adlandırırdı. Gözlərini Cəlaləddindən çəkməyən yolçu:

-Ey söz sərrafı, de görüm kimin məqamı daha ucadı, Məhəmməd peyğəmbərin, yoxsa Bəyazid Bistaminin? – deyə soruşdu.

Qeyd. Bəyazid Bistami 9-cu əsrdə yaşamıvş məşhur zahid, sufizmin sütunlarından biridir. Sufilər arasında ilk dəfə şəxsi məni sevimli mənin içində əritmək fikrini irəli sürüb. Bistami: «Mən özüm özümü atmışam, ilan qabığını atan kimi. Öz mahiyyətimə baxdım və O oldum» yazırdı. Bu vəziyyət sonralar fəna adlandırılırdı. Sufilər arasında Bəyazid Bistami «Ariflər Sultanı» ləqəbi almışdı.

Cəlaləddin:
-Nə sualdır, əlbəttə, Məhəmməd peyğəmbərin – cavabını verdi.
Cavab məlum idi və əsas sual bundan sonra verilməli idi:
-Bəs Məhəmməd peyğəmbər «mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm» deyir, Bəyazid Bistamisə «mən hər cür günahlardan xaliyəm, məndə Allahdan başqa heç kim yoxdur» – deyir?
-Məhəmməd hər gün yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib – deyə Cəlaləddin cavab veridi.
Bu cavab Şəms Təbrizi ilə Cəlaləddini bir-birinə bağladı. Bir neçə aya Cəlaləddin tamamilə yeni bir insana çevrilidi.

Təbrizdən olan «İnam Günəşi» Cəlaləddinin ilham mənbəyi və müəlliminə çevrildi. Müəlliminin Şəms – «günəş» adına muvafiq olaraq Cəlaləddin «Rumi» təxəllüsü götürdü. «Rumi» sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli və altı rəqəmlərinin hərfi işarələrindən isə «nur» sözü düzəlir. Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə peyda olduğu kimi, birdən- birə də yoxa çıxdı. Amma onun təsiri bütün ömrü boyu Rumini izlədi. «Məsnəvi», qırx dörd min misralıq Böyük Divan, dörd min misralıq rübailər kitabı və «Fihi ma fih» (Onda olan Ondadır) kimi fəlsəfi traktatlarda Şəmsin Nuru aydın seçilir.

Ölüm ayrılıq yox, vüsal deməkdir

Onu ölümü bütün dinlərin, xalqların nümayəndələrini eyni dərəcədə sarsıtdı. Dəfnində hafizlər Quran, ravvinlər Tövrat, pravoslavlar Zəbur oxuyur, müridlər dövrə vurub rəqs edirdilər. Ortodoksallar qeyri-müsəlmanları dəfn izdihamından ayırmaq istəyəndə pravoslav keşişi belə demişdi: «O, həqiqət günəşi kimi fərq qoymadan bütün dünyanı nuruna boyamışdı. Bəyəm özü demirdi ki, məndən yetmiş iki millət dünyanın sirlərini öyrənəcək?»

Ölümü və yası qəbul eləmirdi Mövlana: «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var» – yazırdı. Vəsiyyət də eləmişdi:

Mən öləndə əlləri qoynunda.
Ayrılıq haqda dil deyib ağlamayın,
O gün ayrılıq yox, vüsal günüdür.
Günəş batırsa, demək bir də doğacaq,
Toxum torpağa düşdümü, cücərəcək.

«Ekspress» 6 iyul 1999