- Cəmiyyət, Manşet

Kanadalı soydaşımız Yeganə CƏFƏROVA: “Dil dərsləri uşaqları ana vətənimizi sevməyə təşviq edir”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) 2021-ci ildən etibarən xaricdə yaşayan soydaşlarımızla da əlaqələr qurur, Kanada, Hollandiya, İsveç, Latviya, Macarıstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızın ana dilindən istifadə, onun tədrisi və təşviqi istiqamətində imkanlarını öyrənir, prolemlərinin həllinə çalışır. Bu, FADMM-in bütün dünya azərbaycanlılarını vahid ədəbi dil, leksika, qrammatika, orfoqrafiya… ətrafında birləşdirmək səylərinin bir hissəsidir. Kamilinfo.net Dünya Azərbaycanlılarnın Həmrəylik Günü və Yeni il öncəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın ürək sözlərini dəyərəli oxucuları ilə bölüşməyi özünə borc bilir.

Xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri yalnız o zaman yaranır ki, onlar tamamilə mütaliə etmir, yalnız yaşadığı ölkənin dilində danışır, soydaşları ilə ünsiyyətdə olmur, vətəndən, adət-ənənədən və hətta özündən – kimliyindən uzaqlaşır. Xarici ölkədə dilimizin unudulması uşaqlar arasında çox tez baş verir.  Bu da gələcəkdə nəinki dilimizin, hətta kimliyimizin unudulmasına gətirib çıxara bilər. Ona görə də hər vasitə ilə çalışıb uşaqları dil siniflərimizə cəlb edirəm. Artıq bir ilə yaxındır ki, bütün Kanada əyalətləri üzrə də dərslər aparmağı qərara almışam. Hazırda əyalətlər üzrə iki virtual sinifimiz var.Tam təmənnasız olaraq Torontoda yaşayan iki müəlliməmiz dil dərslərini mənim köməyimlə aparırlar.

Toronto təhsil şöbəsinin tərkibindəki dil sinifimizdə isə hazırda 37 şagirdimiz dilimizi sevərək öyrənirlər. Yeni ildən ikinci sinfin açılması üçün siyahı təqdim etməyə hazırlaşıram. Soydaşlarımız arasında təbliğatı güçləndrməyim yeni sinflərimizin yaranacağına ümidimi daha da artırır. Çünki dil dərsləri ilə  maraqlananların sayı artmaqda davam edir.

Artıq ilin sonu yaxınlaşır, şagirdlərimiz çox həvəslə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı tədbirimizə hazırlaşırlar.

Dil dərslərinə qatılması uşaqların dünyagörüşünə müsbət təsir edir, ana vətənini sevməyə təşviq edir, adət-ənənələrimizi, tariximizi öyrənməyi aşılayır.

Mənə verdiyiniz fürsətdən istifadə edərək vətənimdə və dünyanın hər bir ölkəsində yaşayan bütün həmvətənlərimin Həmrəylik günü və Yeni İl bayramlarını ürəkdən təbrik edirəm. Hər bir soydaşımı həmrəy olmağa, yumruq kimi hər zaman bir olaraq vətənin döyünən ürəyi olmağa çağırıram. Yeni ildə vətənimin daha da çiçəklənməsini, Qarabağımızın laləzara dönməsini, insanlarımızın firavan və sağlam yaşamalarını arzulayıram.

Qarşıdan gələn bayramlarınız mübarək olsun!