Azərbaycan Dövlət Kukla Teatrı növbəti maraqlı aksiyasını uğurla davam etdirir. Sənət ocağı peşəkar Azərbaycan milli teatrının 150 və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının 10 illiyi münasibətilə başladığı ölkə miqyaslı qastrollarının yeni mərhələsini – “Gəzən teatr” silsiləsini davam etdirir.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
“Ümumilikdə respublikanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən “Kukla teatrı eldən-elə” şüarlı aksiyanın məqsədi yerlədə yaşayan uşaqlarda kukla tamaşaları haqqında təsəvvür yaratmaq, onların zövqünün formalaşmasına kömək etmək, həmçinin oradakı teatr sənəti təmsilçiləri, həvəskar dram dərnəkləri və xalq teatrları ilə yaradıcılıq əlaqələri qurmaqla onlara dəstək verməkdir. Bu il mart ayının 10-da – Milli Teatr Günündə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində başlayıb mayın 6-da Tərtər rayonunun Talış kəndində davam edən aksiya ilin sonunadək ümumilikdə 10 rayonu əhatə edəcək. Layihənin növbəti dayanacağı kimi Quba və Şabran rayonları seçilib. İyunda reallaşacaq səfərdə kuklaçılar hər iki rayonun Mədəniyyət mərkəzi səhnələrində tamaşa, ardınca isə “Oyuq”çuların təqdimatında dolğun konsert proqramı ilə çıxış edəcəklər”, -deyə teatrdan bildirilib.