- Dil

Mətbuatda yeni əlifba məsələsi və Cəlil Məmmədquluzadə (IV hissə)

Buludxan XƏLİLOV, filologiya üzrə elmlər doktoru, professor

(Əvvəli ötən sayımızda)

Hətta onun öz səhhətində də problemlər baş qaldırıb, baş ağrıları çoxalıb və s. Ancaq o, bu barədə heç kəsə heç nə danışmayıbdır. Problemlər, qayğılar, ağrılar gecələr onun yuxusuna da haram qatıbdır. Burada Həmidə xanımın xatirələrindən bir məqam yerinə düşər. O yazırdı: “Gecənin bir yarısı inilti səsinə oyandım. Gördüm ki, Mirzə Cəlil elə zarıyır ki, elə bil, boğazından yapışıb boğurlar. Onu güc-bəla ilə oyatdım, çox dərin yuxuya dalmışdı, oyana bilmirdi.
Bir az özünə gəldikdən sonra soruşdum ki, nə olub, niyə bu hala düşüb? Susub qalmışdı, məyus-məyus ətrafa baxırdı. Bir qədər sonra özünü ələ alıb dedi ki, pis yuxu görürmüş. “Danış” deyə xahiş elədim. Dedi: “yuxumda gördüm ki, məni mühakimə edir, suçlu bilir və diri-diri zirzəminin divarına hörmək istəyirlər. Əvvəlcə məni zorla zirzəmiyə gömdülər, sonra qapını kərpiclə hördülər, sonra tavandakı yeganə nəfəsliyi də hördülər. Qışqırıb yalvardım ki, heç olmasa bu balaca pəncərəni bağlamayın! Qoyun barı nəfəs ala bilim! Məni havadan məhrum etməyin!” Mirzə Cəlil yalnız bundan sonra etiraf etdi ki, məcmuənin işləri ilə bağlı çox ciddi gərginliyi var”.
Belə məlum olur ki, Cəlil Məmmədquluzadə 6-cı nömrədən sonra “Molla Nəsrəddin” jurnalının redaktoru kimi adını qeyd etməkdən imtina edibdir. Belə hesab olunur ki, bu səbəbi Cəlil Məmmədquluzadənin görüşləri ilə “Molla Nəsrəddin” jurnalının tutduğu yolun üst-üstə düşməməsi, uyğun gəlməməsi ilə bağlı olmuşdur. Belə ki, “Molla Nəsrəddin” jurnalı yalnız dinə qarşı vuruşan bir orqana çevrilmişdi. Ancaq kifayət qədər faktlar gətirmək olar ki, Cəlil Məmmmədquluzadənin görüşləri 1924-1925-1926 və yaradıcılığının bütün illərində millətin dilinə, mədəniyyətinə, inkişafına xidmət etməkdən ibarət olubdur. Təkcə 31 oktyabr 1925-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Acıqnan” məqaləsini qeyd etmək kifayətdir ki, o, dil, yazı məsələlərini həmişəki kimi diqqət mərkəzində saxlamışdır. O, “Acıqnan” məqaləsində yazırdı: “Professor Köprülüzadə danışdıqca mən də danışacağam.
Oktyabrın 24-də (1925-ci il – B.X.) professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır”. Cəlil Məmmədquluzadə “bir para sirləri açacağam” deyərək əsas mətləbə keçir. Özü demişkən “bir çoxunun paxırlarını” çıxarır. Məsələn, deyir ki, “Yadındadırmı, bildir qiraətxanaların birində Tövfiq Fikrətin kitabını açıb oxuyurdum. Bir para yerlərini oxudun, gəldin çıxdın “Rübabi-şikəstəyə” və “Sis” sərlövhəli parçaya yetişib, cuşə gəldin. Oxudun, oxudun və bir az da oxusaydın, yəqin ki, özündən gedəcəkdin”. Cəlil Məmmədquluzadə davam edərək qeyd edir ki, sən Tövfiq Fikrətin kitabını oxuyanda mən gülməyə başladım. Məndən soruşanda ki, niyə gülürsən? Dedim ki, elə sözlərə, ibarələrə rast gəlirsən ki, heç mənasını özün də başa düşmürsən. Məndən soruşanda ki, hansı sözlərin mənasını başa düşmürəm. Mən kitabı alıb oradakı bir-iki sözün mənasını soruşdum. Sonra baş verənləri “Acıqnan” məqaləsində Cəlil Məmmədquluzadə belə verir: “Aşnam dayandı və üzünü qapıda duran xidmətçiyə tutub dedi:
-Orada kitabxanadan “Əxtəri-kəbir” lüğətini bura gətir.
Dedim:
-Xub, bəs, Şəmsəddin Saminin lüğətini qoyub, qeyri lüğət axtarırsan?
Cavab verdi ki, “Şəmsəddinin lüğəti xırda-mırda və kiçik-miçik yazıçıların əsərlərini oxuyub qanmaqdan ötrüdür. Amma Tövfiq Fikrət kimi dünya hələ görməmiş bir qələm sahibinin əsəri-xaməsini (qamış qələmini) qanmaqdan ötrü dəxi də dərin ərəb lüğətlərinə baxmaq lazım gəlir”.
Mən də o vaxt bir söz dedim: “Nə şiri-şötör, nə didari-ərəb”, yəni nə elə dil lazımdır, nə də belə axtarmaq”. Cəlil Məmmədquluzadə bu məqaləsində yenə də dilin təmizliyi uğrunda mübarizə aparır. Onun məqalələrində dilin təmizliyi uğrunda mübarizə aparmaq əsas məqsəd və amaldır. O, türk kəlmələrinin keşiyində dayanır, bir növ türk kəlmələri barədə araşdırma aparır dilimizdəki ərəb, fars, rus kəlmələrinin islah olunmasının tərəfində dayanır. 1926-cı il 23 yanvarda “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Türkcə kəlmələr haqqında araşdırmalar” adlı məqaləsində yazırdı: “Nəşriyyat idarələri tərəfindən işçi və kəndlilər üçün hey bir ucdan kitab çap olunmaqda və hambalların dalında doruğlarda daha daşınmaqdadır.
Söz də yoxdur ki, bu kitabların çoxusu az savadlı işçi və kəndlilər üçün çap olunur.
İndi bir çoxları soruşurlar ki, yarı kəlmələri ərəbcə, yarı farsca və yarı rusca çap olunan bu kitabları, yəni bu dəni həmən az savadlı yoldaşlarımız üyüdə biləcək və həzmə verə biləcəklərmi ya yox?”
Cəlil Məmmədquluzadənin Səməd Ağamalıoğlu ilə və digər partiya, dövlət xadimləri ilə yaxın münasibəti olmasına baxmayaraq Birinci Türkoloji Qurultayda iştirak etməmişdir. Görəsən o, niyə Birinci Türkoloji Qurultaya dəvət olunmamışdır?! Yaxud dəvət olunubsa, niyə iştirak etməmişdir. Axı Birinci Türkoloji Qurultayda türk xalqlarının taleyüklü məsələləri həll olunacaqdı. Bu məsələlərin həlli istiqamətində Cəlil Məmmədquluzadə öz qələmi ilə sözün həqiqi mənasında külüng çalmışdı. Əgər türkoloqlar Birinci Türkoloji Qurultayın çağırılmasının əhəmiyyətini, orada müzakirə olunacaq məsələlərin vacibliyini elmi-nəzəri cəhətdən əsaslandırmağa çalışırdılarsa, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalı və tək qələmi ilə türk-müsəlman- Azərbaycan dünyagörüşünün yüksək səviyyədə formalaşmasına və inkişafına xidmət edirdi. Ancaq o, niyə, nə səbəbə Birinci Türkoloji Qurultayda iştirak etməmişdir?! Bəlkə də səhhətində problem olmuşdur. Bəlkə də ailə üzvlərinin problemləri, qayğıları onun bu tədbirdə iştirak etməsinə maneçilik göstərmişdir. Hər halda bu barədə elə bir dəqiq məlumat əldə edə bilmədik. Ancaq bununla belə, Birinci Türkoloji qurultaydan sonra da o, öz işinə, əməlinə və fəaliyyət istiqamətinə sadiq qalmış, hətta 17 aprel 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Qatıq ağdırmı, qaradırmı?” məqaləsini yazmışdır. Bu məqalədə onun Birinci Türkoloji Qurultaya rəğbəti və bu Qurultaydan sonra bəzi məsələlərə obyektiv münasibəti aydın şəkildə görünür. O yazır: “Türkoloji qurultayından bir ay yarıma qədər keçibdir. Bununla bərabər həmin qurultayın çağırılması və qurultay tərəfindən təsdiq olunmuş yeni türk əlifbası məsələsi türklərin istiqbalı üçün o qədər əhəmiyyətli bir tarixdir ki, bu ay yarımın ərzində ruznamələr bizim həmin milli bayramımızı səmimi qəlbdən alqışlamaqdadırlar”.
Cəlil Məmmədquluzadə Birinci Türkoloji Qurultayın təsdiq etdiyi yeni əlifbanı əhəmiyyətli hesab etmiş, bu tədbirin baş tutduğu zamanın özünü də tarixi bir gün kimi dəyərləndirmişdir. Özünün, yəni Molla Nəsrəddin əminin bu dəfə ürəyində olan sözləri söyləmək istəmişdir. “Mən onu deyirəm ki, bir tərəfə baxanda, bu Şura hökumətinə mənim lap yazığım gəlir. Məsələn, onun zaqranitsada bir neçə “rəqibi” vardır. Onlar qulaqlarını qırpıdıblar ki, görsünlər Şura hökuməti nə qayırır. Fikirləri də budur ki, Şura hökuməti hər nəyə qədəm qoysa, hər bir iş tutsa, onlar o işə bir qulp qondarsınlar, bir “kələk” tapsınlar, bir eyb çıxartsınlar.
İstər yaxşı, istər pis, – onlar üçün təfavütü yoxdur. Şura hökuməti cəmi sərvətlilərin sərvətini alıb kəndli və əmələyə təqsim edibdir: bu pis işdir (mülkədarlar yazıqdır).
Şura hökuməti Şərq qadınlarını adam cərgəsinə çıxartdı; bu da pisdir (naməhrəmçilik məsələsi var)”. Sonra Cəlil Məmmədquluzadə əsas mətləbə keçir, Birinci Türkoloji Qurultayın Şərq aləmində ilk dəfə olaraq türk-tatar xalqlarının bir yerə yığışmasında böyük rol oynadığını qeyd edirdi. Bir az da irəli gedərək car hökuməti ilə Şura hökumətini müqayisə edir, Şura hökumətinin türk-tatar xalqlarının bir yerə yığışmasına şərait yaratdığını deyirdi. O yazırdı: “İndi də Şura hökuməti elə bir vəziyyət yaradıbdır ki, cəmi yer üzünün türk-tatar qövmü imkan tapa bilirlər ki, bir yerə cəm olsunlar, bir-birilə görüşsünlər və dərdlərini bir-birinə söyləsinlər. Halbuki, keçən vaxtlarda iki doğma qardaş küçədə bir-birilə danışan vaxt çar hökuməti məmuru gəlib bunları aralardı”. Cəlil Məmmədquluzadə Birinci Türkoloji Qurultaya böyük dəyər verir və onun əhəmiyyətli bir tədbir olduğunu deyirdi. Eyni zamanda “rəqib”lərin bu tədbirə də qulp qoyacaqlarını nəzərdən qaçırmırdı. O yazırdı: “Bəli, Bakıda çağrılan türkoloji qurultayı qurtardıqdan sonra, mən qəzetləri güdürdüm ki, görüm bu qurultay məsələsinə və yeni türk əlifbasına “rəqib” lər yenə də qulp qondaracaqlar. İndi də “Yeni fikir” qəzetində oxuyuram ki, İstanbulda yaşayan bir neçə “vətəndaşlarımız” bu qurultay məsələsinə və yeni əlifbaya kəmiltifat nəzərlə baxırmışlar”.
Cəlil Məmmədquluzadə dolayısı yolla, “Molla Nəsrəddin” üslubu ilə “rəqib”lərin Şura hökumətinin bütün işlərinə şübhə ilə yanaşdıqlarını, o cümlədən Birinci Türkoloji Qurultaya da bu mövqedən qiymət verdiklərini tənqid edirdi. O yazırdı: “Xəta elə burasındadır ki, Şura hökuməti də deyə qatıq ağdır. Güman edirəm o saat yenə qiyamət qopacaq, “rəqiblər” yenə işə düşəcəklər ki:
-Vay dad, vay bidad, qatıq qara olduğu halda Şura hökuməti deyir ki, “qatıq ağdır!” Cəlil Məmmədquluzadə “Qatıq ağdırmı, qaradırmı?” məqaləsi ilə Birinci Türkoloji Qurultayın tarixi bir həqiqət olduğunu təqdir edirdi.
Cəlil Məmmədquluzadə ömrünün sonuna qədər dil, vətən təəssübkeşi olmuşdur. Ömrünün sonuna qədər yeni əlifba məsələsi onun yaradıcılığının əsas obyektlərindən birini təşkil etmişdir. Bu mənada Birinci Türkoloji Qurultaydan sonra dəfələrlə o, yeni əlifba məsələsini “Molla Nəsrəddin” jurnalının səhifələrində işıqlandırmışdır. “Molla Nəsrəddin” jurnalında 18 sentyabr 1926-cı ildə “Xala xətrin qalmasın!” məqaləsində qəzet səhifələrində əhəmiyyətsiz, xırım-xırda yazıların, xəbərlərin yeni əlifba ilə, qabaq səhifələrdəki yazıların isə əski əlifba ilə çap olunduğunu yazır. Bunun səbəbini isə o, belə izah edir: “Ümdə səbəbi budur ki, qəzet yazanlar, boş səhifədə əhəmiyyətli mətalibi yazırlar və bu mətalibi yeni əlifba ilə yazmamaqda qorxurlar ki, türk oxucuları yeni hürufatı oxuya bilməsin, ya da çətin oxusun: onunçün də bir dəfə də ittifaq düşməyib ki, ərəb hürufatilə çıxan bir türk qəzetində baş məqalə yeni əlifba ilə getsin. Və hər bir mətalib ki, onun az-çox əhəmiyyəti var, onu ərəb hürufatı ilə yazırlar, ancaq xırım-xırda xəbərlərlə bir-iki sütun “xala, xətrin qalmasın” başından doldurub adını qoyurlar ki, “bəli, biz də yeni türk əlifbasına xidmət etdik”.
Yox, belə olmaz. Gəl sözü açıq açığına danışaq və əyri oturub, düz danışaq.
Əvvəlan budur ki, aya görək sənin bu yeni türk əlifbasına etiqadın var, ya yox?” Cəlil Məmmədquluzadə yeni türk əlifbasına biganə olanlara sərt mövqe nümayiş etdirərək yazırdı: “Sən öləsən yapışmışam, yapışmışam yaxandan, əl çəkməyəcəyəm!
Ya sən də mənim kimi hərdən bir yeni türk əlifbasını qabaq səhifəyə çıxart, ya yaxandan əl götürməyəcəyəm”. Cəlil Məmmədquluzadə yeni əlifba məsələsini dönə-dönə “Molla Nəsrəddin” jurnalının səhifəsinə gətirməklə başqa mətləbləri də bunun fonunda anlatmağa çalışırdı. Məsələn, ingilis siyasətinin dünyada yaratdığı fəsadları anlatmaq naminə yenə də latın qrafikalı əlifbanı yada salmağı asan bir yol kimi seçirdi. 13 noyabr 1926-cı ildə yazdığı “Latın hürufatı və ingilislər” adlı məqaləsində latın qrafikalı əlifbanın aşkar bir mətləb olduğunu, bu barədə latın qrafikalı əlifbanı bəyənib-bəyənməyənlərə danışmağa ehtiyac olmadığını bəyan edirdi. İngilislərin qədimdən latın əlifbasını işlətdiklərini, bu əlifbanı işlətmək barədə qərar qəbul olunduğunu məqalədə qeyd edir. O yazır: “Və bu günədək biz güman edə bilərdik ki, dünyada nə qədər mədəni və ağıllı tayfa varsa, latın hürufatını özü üçün hürufat qərar verib. Onlar hamısı bizim də bu yeni türk əlifbamızı, yəni latın əlifbasını təsdiq edələr gərək. Səbəb odur ki, əgər bəyənmirlərsə, xoşlamırlarsa, bəs, özləri niyə o hürufatın üstündə öz kitabətini, mətbuatını bina edibdirlər?” Cəlil Məmmədquluzadə yeni türk əlifbasına o qədər vurulmuşdur ki, 17 mart 1927-ci ildə “Molla Nəsrəddin” jurnalında yazdığı “Eşit, inanma!” məqaləsində kəndlilərin qəzet oxuması üçün latın qrafikalı əlifba ilə qəzetlərin çapını savadlanmağa xidmət edəcək iş sayırdı. O, bu məqalədə yazırdı: “Kəndlilər üçün, ya şəhərlilər üçün dünyada ən əlverişli qəzet gərək ən asan hürufat ilə yazılmış olsun. Bir belə hürufat – Azərbaycan kəndliləri üçün tək bircə latın hürufatıdır ki, biz ona “yeni hürufat” adı qoymuşuq”. Beləliklə, Cəlil Məmmədquluzadə Birinci Türkoloji Qurultaydan əvvəl də, həmin ərəfədə də, sonra da öz qələmini və əməli fəaliyyətini türk-müsəlman xalqının tərəqqisinə, inkişafına həsr etmişdir. Əgər Cəlil Məmmədquluzadə (1866-1932) dünyasını dəyişməsəydi, heç şübhəsiz, repressiya qurbanı olardı. Ölüm onu repressiyadan xilas etdi.