- Mədəniyyət

“Opera Günləri” “Koroğlu” ilə başlayıb

Mayın 28-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə II “Opera Günləri” layihəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, layihə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası ilə başlayıb.

Səhnə əsərində Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ifa edib.

Tamaşanın dirijoru Əyyub Quliyevdir.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamları Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeysteri Xalq artisti Qəmər Almaszadə, xormeyster isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Operada rolları Xalq artistləri Əkrəm Poladov, Nəzakət Teymurova, Əməkdar artistlər Afaq Abbasova, Tural Ağasıyev, Əliəhməd İbrahimov, Fərid Əliyev, teatrın solistləri Mahir Tağızadə, Fəhmin Əhmədli, Nazim Mahmudov, Mirəli Sarızadə, Nəzər Bəylərov, Məhəmməd Şəmmədov və Cavidan İsayev ifa ediblər.

Milli opera sənətimizin ən möhtəşəm nümunələrindən biri hesab olunan “Koroğlu” operası tamaşaçılara qəhrəmanlıq, sevgi və mübarizə ruhunun harmoniyasını təqdim edib. Səhnədə bir araya gələn peşəkar yaradıcı heyət və tanınmış ifaçılar əsərin ideya-bədii gücünü yüksək sənətkarlıqla nümayiş etdiriblər.

Qeyd edək ki, “Opera Günləri” layihəsi ölkəmizdə opera sənətinin inkişafı və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi, eləcə də yeni ifaçıların təqdim olunması baxımından önəmli layihələrdən biridir.