“Fəqət yer üzü qaranlıqdır…” – dedi Jan Baptist-Klemens. Bəli, yer üzü o qədər qaranlıqdır ki, ondan qaçmaq istəyən Antuan Sent-Ekzüperini səmadan alıb yerin dibinə çəkdi.* Bəlkə, qaranlıq olan insanlardır?! Bəlkə, Kamü özü elə insanlardan qaçırdı avtomobil ilə?* Ya da sadəcə, əcəlinə tələsirdi. Kamü özü deyirdi ki, top hər zaman gözlədiyin yerdən gəlmir, amma özü sanki avtomobil qəzasında öləcəyini gözləyirdi. O son nəfəsində səriştəsiz bir “qapıçı” kimi gözünü yumdu, çünki gözlədiyi yerdən gələn top qapı toruna dəymişdi*.
Ya da Konan Doyl! Şerloku öldürəndə nə düşünürdü görəsən?!* O da həmin an “qapısında top gördü”*. Vatson niyə heç nə demədi?! Belə sualları vermək önəmlidir. Məsələn, Neron niyə Romanı yandırsın?! Anasını zəhərləyən birinin Romanı yandırmasına təəccüblənmək gülünc deyilmi? Sanki, ikinci dəfə anasını zəhərləmişdi Neron. Ana demişkən, Erik Emmanuel Şmit yazır ki, “anamdan istilik, güc və sevinc gəlir”. Bəs, kim nə bilə bilərdi ki, anadan gələn istiliyi Neron “ikinci anasını” yandırmaq üçün istifadə edəcək?!
“Taxta qalındır…”- deyə davam etdi Marso. Ona pis xəbərim var, amma bombalar artıq bütün taxtaları sındıra bilir. Tabutun içindəkilər məyyusdur. Taxta bütöv olanda ancaq bir-neçə nəfər ölüb deməkdir, o ki taxta sındı, deməli, insanlıq ölüb.
Marso mənim yazdıqlarımı görsəydi, məndən soruşardı ki, bəs kəfən?! Mən onun kövrək, məyyus səsini eşidirəm. Əzizim Marso, kəfənlər də artıq əvvəlki kimi ağ deyil, amma mən sənin kəfənini dəyişəcəyəm ki, rahat yatasan. Əgər kəfənin işıq keçirməsini də istəyirsənsə, sənə pis xəbərim var: biz yer üstündə şam ilə gəzirik, Diogenin insan axtardığı kimi biz də insanlığı axtarırıq, lakin bəlkə də, o aşağıda, sənin yanındadır, ya da Kamünün, çünki insanlıqla qonşu olmayan ona bu qədər bələd ola bilməzdi.
*1 – Ekzüperi hərbi təyyarəçi olub. Ağır ayaq zədəsinə görə uzun müddət təyyarə idarə etməyib. Son dəfə səyahətə çıxandan sonra isə qayıtmayıb.
*2 – Kamü hər zaman deyirdi ki, ən mənasız ölüm avtomobil qəzasında ölümdür, lakin özü də qəzasında vəfat etmişdi.
*3 – Alber Kamü gəncliyində futbol ilə məşğul olmuş və qapıçı mövqeyində çıxış etmişdi.
*4 – Konan Doyl Şerlok Holms obrazını öldürəndə oxucular tərəfindən qınaq atəşinə tutulmuşdu. O da həmçinin futbol ilə məşğul olmuş və qapıçı mövqeyində çıxış etmişdi.









