- Cəmiyyət

Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib

Ötən gecə Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

UNİAN xəbər verir ki, hücumların hədəfləri arasında Krasnodar diyarındakı hərbi aerodrom və Leninqrad vilayətindəki neft emalı zavodu olub.

Sosial şəbəkələrdə peyk görüntüləri və yanğın videoları yayımlanır. Krasnodar diyarının Yeysk şəhərində “Krımski veter” Telegram kanalının məlumatına görə, hərbi aerodroma hücum edilib və aerodromda partlayışlar hələ də davam edir. Peyk görüntülərinə əsasən, aerodromun uçuş-enmə zolağına çıxış yolunun və anbarların yerləşdiyi ərazidə, həmçinin yanacaq-sürtkü materialları anbarının yaxınlığında yanğın qeydə alınıb. Bununla yanaşı, yerli sakinlər zərbələrin təkcə aerodroma deyil, hərbi şəhərciyə də endirildiyini bildirirlər.

Aerodromda Rusiya Hərbi Dəniz Donanmasının dəniz aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidən hazırlığı üzrə 859-cu Mərkəzi yerləşir. Burada göyərtə aviasiyasının uçuş və enişlərinin məşq etdirilməsi üçün istifadə olunan unikal yerüstü sınaq-təlim kompleksi da yerləşir.

Bundan əlavə, avqustun 30-na keçən gecə Leninqrad vilayəti də hücuma məruz qalıb. Səhər saatlarında qubernator Aleksandr Drozdenko bildirib ki, hücum nəticəsində Kirişi şəhərinin sənaye zonasında yanğın baş verib. Sosial şəbəkələrdə genişmiqyaslı yanğını əks etdirən görüntülər yayılıb. İlkin məlumatlara görə, yanğın Kirişi şəhərindəki neft emalı zavodunda baş verib.

“KirişiNefteOrqSintez” Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavodun neft emalı gücü ildə təxminən 20 milyon ton təşkil edir. Zavod daha əvvəl də dəfələrlə hücuma məruz qalıb və mayın 5-də baş verən zərbələrdən sonra neft məhsullarının yüklənməsini dayandırıb.

Bundan əlavə, “Astra” Telegram kanalı Bryansk şəhərinə dron hücumu və partlayışlar barədə yazıb. Hücumun baş verdiyi ərazinin yaxınlığında “Bryansk Elektromexanika Zavodu” və Bryansk Avtomobil Zavodu yerləşir.