- Köşə, Manşet

Vasif SADIQLI “Yoxdu bu rüsvaylığın dərdinə dərman, ey TƏBİB!”

-Alo, salam.

-Salam. Siz M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına zəng etmisiniz. Əgər başınız ağrıyırsa, 1 düyməsini basın…

– Xanım, sizin xəstəxananın girişində klinikanın adı yazılan lövhədə kobud səhvə yol verilib…

-…əgər gözünüz ağrıyırsa, 2 düyməsini basın, əgər dişiniz ağrıyırsa, 32 düyməsini basın…

Əstəğfürillah, bunlar başqa şey dinləmək istəmir. Yaxşı, yalandan deyim ki, başım ağrıyır. Bəlkə, dinlədi, arada əsas məsələni deyim.

– Başım ağrıyır, xanım, başım. Yazmaqdan, deməkdən yorulduq, 1600 nəfər işçisi olan kollektivdə bir orta savadlı adam yoxdumu, o səhvi görə?

– Əgər sizə elə gəlirsə ki, baş ağrınız etioloji səbəblərə bağlıdır, 1 düyməsini basın. Əgər sizə elə gəlirsə ki, başınız tenzion tipli səbəblərlə bağlı ağrıyır, 2 düyməsini basın. Əgər sizə elə gəlirsə ki, bu, klaster tipli səbəblərə bağlıdır, 3 düyməsini basın…

Ardınca musiqi səslənir:

Başın ağrıyır, başına qurban,
Qurban, qurban, başına qurban.
Başı səndən, “Sitramon” bizdən,
Tezcənə sağal, ay gözəl insan…

İsmi-pünhan adına qurban, adına qurban,
FADMM-dansansa, FADMM-a qurban, FADMM-a qurban…

– Xanım, elə baş ağrısı deyil. Sadəcə, dil xalqın dəyərlərindən, bəlkə də, ən birincisidir. Respublika Xəstəxanasında dəyərlərimizə niyə hörmət edilmir? Adamın ürəyi ağrıyır…

– Əgər ürəyiniz ağrıyırsa, 4 düyməsini basın. Basdınızmı? Ay sağ ol.
Əgər sizə elə gəlirsə ki, ürək ağrınız əsəb-əzələ və ya döş osteoxondrozu mənşəlidir, 1 düyməsini basın, Əgər sizə elə gəlirsə, ürək ağrınız aortanın anevrizmi ilə bağlıdır, 2 düyməsini basın, Əgər sizə elə gəlirsə, ürək ağrınız virus etiologiyası ilə bağlıdır, 3 düyməsini basın.

– Xanım, bu səhvləri uşaqlar da görür və respublika əhəmiyyətli səhiyyə ocağının adında yol verilən səhv onlarda məyusluq yaradır…

Əgər sizə elə gəlirsə ki, bu, südəmər körpələrdə məyusluq doğurur, 1 düyməsini basın, hərgah sizə elə gəlirsə ki, bu, ibtidai sinif şagirdlərində məyusluq doğurur, 2 düyməsini basın, hərgah sizə elə gəlirsə ki, bu, yuxarı sinif şagirdlərində məyusluq doğurur, 3 düyməsini basın, yox, əgər sizə elə gəlirsə ki, bu, saqqallı uşaqlarda məyusluq doğurur, 02 düyməsini basın. Biz onun saqqalını qırxıb Napoleon və I Pyotr yatan palataya göndərərik.

– Daha sözüm yoxdur. Dövlət dilinə münasibətiniz acı təəssüf doğurur.

– Əgər sizə elə gəlirsə ki, bu təəssüfdəki acılıq öd reflyuksu ilə bağlıdır, 1 düyməsini basın, hərgah sizə elə gəlirsə ki, bu, biliar trakt ilə bağlıdır, 2 düyməsini basın, əgər, sizcə, bu, öd yolunun diskenziyası ilə bağlıdırsa, onda 3 düyməsini basın.

-Xanım, Respublika Xəstəxanasının kafedra, laboratoriya və mərkəzlərində 121 elmi işçi, o cümlədən 16 professor, 30 dosent, 35 assistent çalışır. Doğrudanmı, 1600 işçi bu səhvləri görmür?

– Əgər sizə elə gəlirsə ki, 1600 işçidə identlikliyin dissosiativ pozğunluğu yaranıb, 1 düyməsini basın, əgər sizə elə gəlirsə ki, o işçilər müdiriyyətdən qorxub dillənmir, 2 düyməsini basın, əgər sizə elə gəlirsə ki, işçilərimiz üçün utilitar maraqlar digər maraqlardan üstündür, 3 düyməsini basın…

Hörmətli oxucu, əlbəttə, yazdıqlarımız təxəyyül məhsuludur. Amma Respublika Xəstəxanasının önündəki ad lövhəsində kobud dil xətasına yol verildiyi həqiqətdir. Bu barədə ötən il də yazmışdıq. Bu il artıq neçənci həftədir, FADMM üzvləri məsələ ilə bağlı müxtəlif ünvanlara müraciət edir, amma nəticə yoxdur. Xəstəxananın “Feysbuk” hesabı işləmir. Ora yüz dəfə də yazsanız, eyni şablon cavabı alacaqasınız: “Salam, Siz M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəsmi səhifəsinə müraciət etmisiniz. Qısa zamanda sizə cavab veriləcək”.
Səhiyyə Nazirliyinə müraciətimizə belə cavab aldıq: “…dövlət tibb müəssisələrinin idarəedilməsi 01.01.2020-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) verilib. Qeyd edilənləri nəzərə alaraq adı çəkilən quruma müraciət etməyiniz tövsiyə olunur”.  Neçə gündür, TƏBİB-dən cavab gözləyirik. Hələ ki nəticə yoxdur.

Xeyirli cümə axşamları…