- Mədəniyyət

Vyanada “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib

Mayın 21-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan klassik musiqisinin təbliğinə xidmət edən “Odlar Yurdunun sədaları” beynəlxalq musiqi müsabiqəsinin finalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi dəstək göstəriblər.
Müsabiqədə Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa edən Aleksander Maria Vaqner (Almaniya) və Qriqorios İoannou (Yunanıstan) xüsusi mükafata layiq görülüblər. Münsiflərin qiymətləndirməsinə görə, Heli Kanq (Cənubi Koreya) birinci, Anna Leyerer (Avstriya) ikinci və Qriqorios İoannou isə üçüncü yeri tutublar.

Mükafatlandırma mərasimindən sonra yer tutan musiqiçilər qala konsertlə çıxış ediblər. Qriqorios İoannounun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz“ romansı və Aleksander Maria Vaqnerin ifasında isə Tofiq Quliyevin “Cəmilənin albomu“ (On iki pyes) əsəri xüsusi maraq doğurub.