- Mədəniyyət

Xalq artisti İlham Namiq Kamalın 73 yaşı tamam olacaq

Yanvarın 9-da milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, “Şöhrət” ordenli, Xalq artisti, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri Xalq artisti İlham Namiq Kamalın 73 yaşı tamam olacaq. O, 50 ildən artıq bir müddətdə teatr səhnəsində və ekranda bir-birindən maraqlı obrazlar yaratmaqla bərabər, 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının rəhbəri kimi zəngin yaradıcılıq təcrübəsini, bilik və bacarığını sənətdə gənc nəslin yetişməsinə də sərf edir. Bu gün də sənətkar yorulmaq bilmədən Akademik Musiqili Teatrda bir-birindən fərqli və baxımlı obrazları ilə tamaşaçıları sevindirir. Eyni zamanda televiziya kanallarının, digər media vasitələrinin, mədəniyyət ocaqlarının maraqlı layihələrinə müsbət cavab verməyə çalışır. Bu layihə müəlliflərindən yeganə istəyi odur ki, nə edirlərsə etsinlər, yüksək zövq və səviyyəni heç vaxt unutmasınlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər teatrşünas, dramaturq Çingiz Ələsgərlinin Xalq artisti İlham Namiq Kamalın ad günü münasibətilə yazdığı “Qazandığı tamaşaçı məhəbbətini daim qoruyan sənətkar” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

İlham Namiq Kamal hər zaman özünü şanslı aktyor hesab edib. Gəncliyindən bu günə qədər ona istədiyi rolları həvalə ediblər. O isə istedad və bacarığını səfərbər edərək yüksək sənət nümunələri yaradır. Özünün dediyinə görə, demək olar ki, həsrətində olduğu heç bir obraz yoxdur. Bu haqda söhbət düşəndə zarafatla deyir ki, mən niyə obrazların həsrətini çəkməliyəm, qoy rollar mənim həsrətimi çəksinlər. İlham Namiq Kamal sənətinin formulu budur.

Onun yaradıcılığında yumora və satiraya meyil güclüdür. Lakin bununla belə aktyor ən müxtəlif janrlarda olan əsərlərdə də maraqlı obrazlar yaradıb. Bu obrazlar bir qayda olaraq daxili və xarici rəngarənglik vəhdətində təqdim olunur, onların bədii bütövlüyü tamaşaçını valeh edir. Aktyor obrazın müəllif ideyasına və rejissor yozumuna müvafiq olaraq Cəfər Cabbarlının yazdığı kimi, “nitq cildi”nin və “hərəkət” toplusunun vəhdətində təqdim edir. Teatrda olduğu kimi, ekranda yaratdığı obrazların da bədii bütövlüyünə və xarakter rəngarəngliyinə çalışır.

Sənətkar son vaxtlar teatrda tamaşaçılarla görüşsə də, ekranlarda bir o qədər də gözə dəymir. Bunun da səbəbləri var. Ona vaxtaşırı ssenarilər təqdim olunur. Amma o, peşəkarlıq baxımından onu qane etməyən ssenarilərdə çəkilmək istəmir. Çünki illər boyu qazandığı tamaşaçı məhəbbətini itirə bilməz. Çəkilməkdən imtina etsə də, həmin insanlara yol göstərməyi, məsləhət verməyi də unutmur.

2020-ci ilin mart ayından pandemiya ilə bağlı bir çox müəssisələrin, o cümlədən teatrların fəaliyyətinə məhdudiyyətlər qoyuldu. 2021-ci ilin oktyabrında, nəhayət, teatrlar fəaliyyətini davam etdirməyə başladı. Pandemiyaya qədər İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsinin səhnəsində bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasında (quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Əli Usupov) baş rolu – Bəbirli obrazını oynayırdı. Aktyor Bəbirlini koloritli, özünəməxsus düşüncə tərzinə malik bir obraz kimi xarakterizə edir.

Teatrın hələlik axırıncı işi isə Səid Rüstəmov və Məmməd Səid Ordubadinin “Beşmanatlıq gəlin” musiqili komediyasının tamaşasıdır. Səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər dəfələrlə müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub və həmişə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Əsərin yeni quruluşunda (rejissor – Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) əsas obrazlardan birini – Kəblə Hüseynəlini İlham Namiq Kamal oynayır.

Akademik Musiqili Teatrın növbəti işi “Bəxtiyar” tamaşasıdır. Bu tamaşanın mövzusu məşhur “Bəxtiyar” filminin motivləri əsasında işlənib. İlham Namiq Kamal Ağabala obrazı ilə tamaşaçıların görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Çox riskli iş olsa da, “Bəxtiyar” filminin maraqlı səhnə versiyasının uğuruna inanırıq.

Bir sözlə, İlham Namiq Kamalın yaradıcılıq sahəsində işləri çoxdur. O isə, həmişə olduğu kimi, zaman azlığından şikayət edir. Daha çox iş görmək istəyir. Yeri gəlmişkən, aktyor 2021-ci ilin son günlərində “Azerbaijan Best Awards” gecəsində “Zəfər zirvəsi” və yaradıcılıq uğurlarına görə “Simurq – 2021” mükafatlarına layiq görülüb.

Sevimli sənətkarımızı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Hələ neçə-neçə illər İlham Namiq Kamalı səhnədə və ekranda seyr etmək arzusu ilə.