- Mədəniyyət

Niderlandda Rəşid Behbudovun xatirəsinə poçt markası buraxılıb

Niderlandda SSRİ Xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb.

AZƏRTAC xəbər verir ki, marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspora nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu “Azərbaycan inciləri” layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən, vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarına məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanın çapına icazə verilir.

Səltənət Rəvanqızı Niderlandda belə bir qanunun mövcudluğu haqqında məlumat alandan sonra “Azərbaycan inciləri” layihəsinə start verir. Belə ki, dövlət səviyyəsində buraxılan markalar nəinki poçt ödənişləri vasitəsidir, eyni zamanda ölkəmizin mədəni dəyərlərinin təbliği və tanıdılması üçün olduqca güclü vasitədir.

“Azərbaycan inciləri” layihəsi çərçivəsində buraxılan markalar artıq “PostNL” sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur.