Mirzə Ələkbər SABİR
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görürirsək, ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Deyilik naşi bu işdə, — ağarıbdır yalımız,
Bilirik dini-müsəlmanı bu gün öz malımız,
Üzüqırxıq deyilik, — bir şələdir saqqalımız,
Tərpədib xeyrə onu, aləti-təzvir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Gedərik məscidə hər gün, qılarıq onda nəmaz,
Xüşkə möminlik edib, bağlayarıq razü-niyaz,
Məscid olsun,— alarıq satsa cocuqlar bizə naz,
Bu uşaqbazlığı biz zöhd ilə təstir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Danışıb-söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun,
Hər kəsə bağlayarıq her cürə böhtan olsun,
Qoy bizim din evimiz olsa da viran, olsun,
Güc verib zikrə, cinan qəsrini təmir edərik!
Mümkun olduqca müsəlmanları təkfir edərik!
Möminik, keflənərik arzuyi-cənnət ilə,
Oxumuşlar adını yad edərik lənət ilə,
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə,
Biz bu əfsanələri cəhl ilə tənfir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Ölkəni seyr edərək hər cürə insan görürük,
Ancaq öz nəfsimizi paki müsəlman görürük,
Bu xəyal ilə yatıb huriyü qılman görürük,
Xabi-sadiq deyə bu haləti təbir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!