- Ədəbiyyat

Qulu AĞSƏS. Ürəyimin alt gözündə…

Kamilinfo şair Qulu Ağsəsin “Sənsən hər yer” kitabından seçmə şeirləri təqdim edir.

 Əski günlər

 “Mən ki başqasını sevirəm”, – dedin
Əcəb eləyirsən, canın sağ olsun.
Təki mənim ömrüm yanıma düşsün,
Təki sənin ömrün kef-damaq olsun.

Ayağın altına yaxşı bax, barı
Qəlbim parçalanıb…
çata düşərsən.
Sən yada çıxırsan
bu gündən, zalım,
Getdi, daha çətin
yada düşərsən.

Lap yaxşı elədim sevilməməknən
Sən məni sevsəydin, lap ağ olardı.
Mən yovşan ömrümü
sənin qızılgül
taleyinə qatsam, calaq olardı.

Barı birgünlüyə
ayrılığa gəl,
Dünən kefin yoxdu nəsə…
bəs indi?
Səni dəli kimi sevdim, sevmədin,
Səni Qulu kimi sevsəm bəsindi?

Sənə

Tanıya bilmədin nahaqdan məni,
İndi mat qalmısan…
Bu Qulu mənəm?
Keçər günahımdan
Allah da mənim,
Kişi deyilləmmi?
Nə olub mənə?

Yenə hər nə olsa, sənə olacaq,
Məni tanı indi, bunu bil barı!
Mənə bircə məktub yazarsan ancaq –
İçində bir kəlmə: – “Utan, öl barı!”

Ayağın da getməz, əlin gəlməsə…
Kəsib aralığı beş addım… hayıf!
Bir atım ürəyin varmış… nə isə,
Onu da havaya boşaltdın… hayıf!

Unut tamam məni, yadırğa təki,
Ayrılıq qismətmiş bizə, görünür.
Mənə uzaqdan da baxma, inan ki,
Düşmən də üz-üzə gözəl görünür…

Görüş yerində

Üç saat qabaq gəlib
Yolunu gözləyirəm.
Yuxuya getməməkçün
Yaramı duzlayıram.

Bu qar hardan başladı?
Olacam buz heykəli.
Ağaca sığınmışam,
Budaq mənə söykənib.

Bu ağacdan, bəlkə, çox
Heç kəsi istəmirəm.
Bir dost-tanış görəndə
Dalında gizlənirəm.

Çıxacaqsız sonuma:
Sən, qar, soyuq, həyəcan.
Kaş saat dörd olaydı,
Gözlərim dörd olunca.

***

Eşq nəydi bu yaşında?
Ayıbdı tay-tuşundan
Ürəyimin başından
Atım qurtarım səni.

Gəlmə, qan qoxur yollar,
Dərdə yoluxub yollar.
Yorğunam yuxu yolla,
Yatım qurtarım səni.

Dözümün – bir atım ki…
Gündə soyuqladın ki…
Gözünlə oxladın ki,
Yanım, qurtarım səni.

Ürəyim – qara qutudu

Məni sənin həsrətin yox,
“Ayrılıq” sözü qorxudur.
Sanadığım min bir adın
Min bir üzün, astarın yox,
Astarsız üzün qorxudur.

Məni sənin qarğışın yox,
Alqışın tutub… boşlamır.
Ürəyim – qara qutudu,
Səndən özgəsin yaxına
Bu qara qutu boşlamır.

Neynirik, bu boş sapandı? –
Ataq daşın… ta qurtaraq.
Sən düş, saxlayım başımı,
Mən də qara tüstü kimi
Çıxım başından, qurtaraq…

***

Gecən səhərə qalsın,
Dərdin könlümə, gözəl.
Köç gəl, elə bu gündən
Yığış ömrümə, gözəl.
Sən olsan Əzrayılım
İnan ölmərəm, gözəl.

Arxana da baxmadan
Yüyür üzü geriyə.
Arada bir zəng elə
Dinməsən də, kiriyək.
Ya mən bir yalan deyim.
Ayaq tutub yeriyən: –

(Mən bir Allah bəlası
Sən ki gözəl bilirsən)
Bir sevdaya düşmüşəm
Gülüm, təzə, bilirsən?
Ta məni danışdırma
Di döz, dözə bilirsən…

Ürəyimin alt gözündə

Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim qalmalıydı.

Bu axşam bir niyyət tutaq:
Gün batsın, qürub qalsın.
Bəs ömrü nəylə qorxudaq,
Yerində durub qalsın?

Dünən bir təzə söz yedim
Dadı-duzu qaçmamış.
Ləpələr uğunub gedir
Külək ağzın açmamış.

Min illərdi təlxək dərdi
Dərd onu öldürmədə.
Bir yol ağlamaq istərdi
Kimsəni güldürmədən.