- Ədəbiyyat

İqor Kols. Möcüzənin qiyməti

Tanya doqquz yaşlı, qəşəng, amma yaşına görə çox ciddi qızdır. Onun Andrey adlı balaca bir qardaşı var. Tanya qardaşını çox sevir, böyüklər kimi onun hər şıltaqlığına dözür.
Bir dəfə o, təsadüfən valideynlərinin Andrey haqqında söhbətini eşitdi. Atası ümidsiz halda gözü yaşlı anasına deyirdi: “İndi Andreyi yalnız möcüzə xilas edə bilər”.
Tanya bilirdi ki, qardaşı ağır xəstədir və valideynləri onun müalicəsinə pul çatdıra bilmirlər. Hətta kirayə qaldıqları mənzili də daha ucuzuna dəyişmişdilər, çünki atası həm Andreyin müalicə xərclərini, həm də ev üçün kirayə haqqını ödəyə bilmirdi. Andreyi isə yalnız çox bahalı cərrahiyyə əməliyyatı xilas edə bilərdi.
Atasının sözlərini eşidən Tanya öz yataq otağına getdi, pullarını saxladığı daxılı açıb içindəkiləri çarpayının üstünə tökdü. Pulları diqqətlə saydı. Otuz rubl otuz qəpik idi. Sonra onları cibinə qoydu, küçəyə çıxıb aptekə tərəf qaçdı.
Tanya kənarda durub əczaçının ona diqqət yetirəcəyini səbirlə gözləyirdi. Lakin başqa bir adamla söhbət edən əczaçı, deyəsən, heç qızı görmürdü. Tanya onun diqqətini cəlb etmək üçün yavaşca öskürdü. Heç bir reaksiya olmadı. Bərkdən öskürməyə başladı. Yenə heç nə alınmadı. Nəhayət, cibindən qəpik çıxarıb şüşəni döyəcləməyə başladı. Bunun təsiri oldu.
– Hə, bağışla, balaca, – deyə əczaçı, nəhayət, Tanyaya tərəf döndü. – Neçə ildir, qardaşımı görmürdüm. Başım onunla söhbətə qarışdı.
– Lap yaxşı, elə mən də öz qardaşım haqqında danışmaq istəyirəm, – deyə Tanya ciddi görkəmlə cavab verdi. – Bilirsiniz, o, çox, çox xəstədir… və mən möcüzə almaq istəyərdim.
– Nə?!
– Onun adı Andreydir və onun başında nə isə pis bir şey böyüyür. Atam deyir ki, indi onu ancaq möcüzə xilas edə bilər. Deyin, bu möcüzənin qiyməti neçəyədir?
– Mənim balam, biz burada möcüzə satmırıq. Bağışla, amma mən sənə kömək edə bilməyəcəyəm.
– Qulaq asın, mənim pulum var və mən möcüzənin haqqını ödəyə bilərəm. Əgər bu pullar çatmasa, mən yenə taparam. Siz bircə qiymətini deyin.
Əczaçının çox səliqəli geyinmiş qardaşı qızcığazı yanına çağırdı:
– Sənin qardaşına necə möcüzə lazımdır, balaca?
– Mən bilmirəm, – deyə Tanya köksünü ötürdü. – Bircə bilirəm ki, o, çox xəstədir. Ancaq atamın möcüzə almağa pulu yoxdur, buna görə mən öz pulumu gətirmişəm.
– Sənin nə qədər pulun var ki? – deyə kişi soruşdu.
– Otuz rubl otuz qəpik, – deyə Tanya cavab verdi. – Bunların hamısı mənim pulumdur. Amma lazım olsa, mən yenə taparam.
Əczaçının qardaşı qızın əlindən tutdu və onu evlərinə aparmağı xahiş etdi:
– Mən sənin valideynlərinlə görüşmək və qardaşına baxmaq istəyirəm. Görək sizə necə möcüzə lazımdır.
Bu gözəl geyimli adam paytaxt klinikalarının birində işləyən məşhur neyrocərrah Fyodorov idi. O heç bir haqq almadan Andreyin üzərində cərrahiyyə əməliyyatı apardı və Tanyanın qardaşı tezliklə evə tamamilə sağlam qayıtdı.
Həmin gün Tanyagilin balaca mənzilində hamının üzündən xoşbəxtlik yağırdı.
– Bu həkimin gəlişi əsl möcüzə oldu, – deyə ana nəvazişlə oğluna baxıb pıçıldadı. – Maraqlıdır, görəsən, bu əməliyyat neçəyə başa gələrdi?
Tanya isə gülümsəyirdi. O, möcüzənin qiymətini dəqiq bilirdi: otuz rubl otuz qəpik. Bir də kiçik qızın böyük inamı…

portal.azertag.az