Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov İkinci Qarabağ müharibəsi qaziləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş nazirliyin “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə görülən işlərin əhəmiyyətindən danışan Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, “Səhnədən səngərə” layihəsi çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanıb. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdikləri şücaət əks olunub və şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunub. Vətən torpaqlarının azadlığı, ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş igidlərimizin əziz xatirəsi xalqımızın, o cümlədən mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.
Görüşdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışan nazir Anar Kərimov şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb: “Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizin səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir”.
Nazir bildirib ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar: “Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəbhəsində qəhrəmandırlar. Bizim vəzifəmiz sizləri və sizlərin göstərdikləriniz bu şücaəti, qəhrəmanlığı əbədiləşdirməkdi. Bu layihə də məhz o məqsədə xidmət edir ki, biz öz qəhrəman övladlarımıza sahib çıxırıq, onların qəhrəmanlıqlarını unutmuruq və unutdurmuruq. Hər zaman qazilərimizin yanındayıq, onlara dəstəyik. Çünki onlar iki cəbhədə də öz borclarını yerinə yetiriblər”.
Sonra qazilərə nazirliyin fəxri fərmanları təqdim olunub.
Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.