- Ədəbiyyat

Vaqif Osmanov niyə sevilir?

Əminəm ki, cavab vermək istəyən çoxdur. Üstəlik “niyə də sevilməsin?” deyə sual da verəcəksiniz. Elə isə çoxunun əvəzindən özüm cavab verim: saflığı geniş ürəyi olan, təmənnasız adam sevilməzmi? Bir dəfə təklif etmişdim ki, ona “Gənclərin dostu” titulu verilsin. Sonra düşündüm ki, bu çox az olar Vaqif müəllim bütövlükdə insanların dostudur. Onun ədəbiyyat bilgisinə, bədii təxəyyülünə, geniş mütaliəsinə bələd olanlar onu məni kimi filoloq zənn edirlər, əslində isə coğrafiya elminin adamıdır. Elm sahələrinin adamlarını təsnifləşdirəsi olsaq, mübahisəmiz incikliklə yekunlaşar.

Coğrafiyaşünaslar onu ədəbiyyata verməzlər, ədəbiyyatçılar da Vaqif Osmanovu hər vəchlə öz sahələrinə çəkərlər. Vaqif müəllim ona görə sevilir ki, ədəbiyyata “qazancım nə olacaq?” fikri ilə xidmət etmir. Onun insanlara yaxşılıq etmək kimi missiyası var. Mətnin dəyərini hər şeydən vacib sayır. Yazılanı oxuyacaq, yaxşıdırsa, mütləq fikirlərini qələmə alacaq. Çoxu istəyir ki, yazdıqlarını Vaqif Osmanov təhlil etsin. Çünki sözbəsöz, cümləbəcümlə oxuyur, hər bir ifadəyə münasibət bildirir. Mətnə yazıçının özündən də çox bələd olur. O, həm yazıçının ötürmək istədiklərini olduğu kimi duyur, həm də maraqlı interpretasiyalarla çıxış edir. Adam öz yazdıqlarını Vaqif Osmanovun qələmində təzədən sevir. O qədər gözəl təhlil edir ki, az qalırsan təzədən onun təhlil etdiyi kimi yazasan.

Vaqif Osmanov nəzərə almır müəllifin vəzifəsi var ya yox, onunçün müəllifin tanınmış olub-olmaması da maraqlı deyil. Yaxşı mətni təbliğ edir, gözləmir kimsə ona yaltaqlansın, o da əvəzində onun yazdığını oxuyub təhlil etsin. Vaqif müəllim paxıl da deyil ki, kiminsə yaxşı yazısını görməzdən gələ. Şöhrətpərəstlikdən uzaq olduğu üçün yalnız məmur yazıçıların yazdıqları haqqında yazmır. Fikrimcə, bu dövrdə ədəbiyyata təmənnasız xidmət edən ən saf adam Vaqif Osmanovdur.

Ədəbi paxıllıqdan, xəsislikdən uzaq, sözə dəyər verən Vaqif Osmanov tənqidçi deyil ee, yaxşı mətnlərin ədəbi mühafizəçisidir. Onun yaradıcılıq fondunda xeyli müəllifin əsərləri var ki, öz yazıları qədər onların da “üstündə əsir” Bu kiçik yazı onun nə qədər dəyərli insan olduğunu ifadə edə bilməz. Vaqif Osmanovun kim olduğunu yazdıqları aydınca göstərir. Bütün gənc yazarlar (gənc olmayanlar da) bilirlər ki, o hər tənqidçi ilə müqayisə edilə bilməz. Vaqif Osmanov Vaqif Osmanovdur… “o biri “V”lardan deyil”. (Salam Qədirzadənin təbirincə)