“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “Kəlağayı günü” münasibətilə təqdim olunan konsertdən öncə müxtəlif növ kəlağayıların yer aldığı sərgiyə baxış keçirilib. Sərgidə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəzdində yaradılan “Kəlağayı muzeyi”nin kəlağayıları, İB-nin tərtib etdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı kitabı, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin rəsm əsərləri, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompozisiyası, eləcədə rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Basqal ustalarından olan Mürşüd Talıbovun kəlağayı üzərində işlənmiş əl işləri sərgi iştirakçılarına nümayiş etdirilib.