Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
“Report” xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.