- Ədəbiyyat

İmarət CƏLİLQIZI. İndi hər fəsildə yağ!

Üc il əvvəl payızda
şimşəklər caxan zaman,
leysanlar yağan zaman
əlimi açib qoşa
çox yalvardım yağışa:

“Yağış, sevirəm səni,
amma yağma bu payız,
Yağsan da, tez ara ver,
nolar, yağma aramsız”.

Cavab gəldi yağışdan:
“Yağmasam, olmaz axı!..
Vəzifəm suvarmaqdır
anamiz bu torpağı”.

Mən yalvardım yenə də:
“Onda hər yerə yağma,
arxa, çaya, gölə yağ,
bircə səngərə yağma.
Əgər  ağır yükündən
gileylənsə buludlar,
yağ mənim kürəyimə,
bəlkə, bu nəmli yükdən,
(gah şad, gah qəmli yükdən)
bir  sərinlik süzülər
qarışiq duyğulardan
qovrulan ürəyimə.

Səni sevirəm, amma
bu payız gəlmə, yağış,
gəlsən də, çox dayanma,
qayıt, yuvana yığış.

Darıxsan, damlalardan
bir nəğmə toxuyarsan,
bir gün bizimlə birgə
şən səslə oxuyarsan:

“Tez ötüşsün hər çilə,
qoy yağim gilə-gilə,
yurddan düşmən izini
biryolluq silə-silə.

Yağım çölə, çəmənə
yağım sünbülə, dənə,
yağım Azad Vətənə,
sevincdən gülə-gülə! “

Onda sözümə baxdı
yığışıb köçdü yağış,
Uzaq ellərdə yağdı,
burdan yan keçdi yağış…

Budur, payızdır yenə,
göylərdən baxır yağış,
İndi ona demirəm,
qayıt, yuvana yığış.

İndi o, damlalardan
şən nəğmələr toxuyur,
İndi bizimlə birgə
şirin-şirin oxuyur:

“Ötüşübdür hər çilə,
yağıram gilə-gilə,
Yurddan düşmən izini
biryolluq silə-silə.

Yağıram çöl-çəmənə,
yağaram dönə-dönə,
gözəl, azad Vətənə,
sevincdən gülə-gülə! “

…Yağış, sevirəm səni!
Hər oba, hər eldə yağ,
Yurdum ki bəxtiyardır,
İndi hər fəsildə yağ!..