- Köşə

Acılı-şirinli intizar

Musiqidə və poetikada “koda” deyilən bir termin işlənir. Koda “yekun” sözünün ifadə etdiyi mənaya uyğun gəlir. Musiqi əsərlərində kodanın  həcmi və məzmunu müxtəlif cür olur, həm də çox vaxt ağır templi musiqi əsərlərinin kodası daha ləng, sürətli tempdə ifa olunan əsərlərın  kodası isə daha sürətli ifa olunur.

 İlk notları sentyabrın 27-də çalınmağa başlayan bir möhtəşəm əsərin kodasının intizarındayıq hamımız. Fərqi yoxdur ləng, yaxud sürətli tempdə davam edir, fərqi yoxdur kodası nə həcmdə olacaq, təki o koda səslənsin və hamımıza – bu dünyanın müvəqqəti sakini olan bizlərə və o dünyanın yüksək məqamına qovuşmuş ölümsüz Ruhlara onu eşitməyi nəsib etsin Uca Yaradan!..

Haqqını halal et, Əsgər!

 Yuxarıdakı “Acılı-şirinli intizar” adlı yazını altı il əvvəl  2020-ci ilin o həyəcan dolu noyabr günundə -7 noyabrda yazmışam. (Nüans: bu an yadıma düşdü ki, biz uzun illər boyu noyabrın 7-ni Böyük Oktyabr sosialist inqilabının ildönümü kimi qeyd edirdik. Lap uşaq olduğum vaxtlarda hələ təqvimlərlə baglı məlumatım olmadığından başa düşmürdüm ki, niyə noyabrda keçirilən bayrama “Oktyabr bayramı” deyilir. Bunun özündə də təsadüfi olmayan, düşündürücü bir məqam var. Əslində bu aləmdə heç bir hadisə təsadüfiən baş vermir, hər şey çox mürəkkəb bir sxem şəklində bir-birinə bağlıdır və dünyanın dərki də bu sxemin hansı səviyyədə dərk olunmasından asılıdır). Həmin gün hələ çoxumuz dəqiq bilmirdik ki, müharibənin gedişi necə nəticələnəcək, amma hamı intizar dolu bir ümidlə xoş bir sonluq gözləyirdi. O zaman o gözləmə duyğusunun təsiri ilə yadıma “koda” (sonluq) anlayışı düşmüşdü. İndi bu sətirləri yazdıqca düşünürsən ki, hər kicik və böyük hadisənin özünə uyğun və özünəməxsus bir kodası olur. Biz çox möhtəşəm bir hadisənin özü kimi də möhtəşəm olan bir kodasının şahidi olduq.  Ağır itkilər, sağalmaz yaralar hesabına, gözlərimizdə həm sevinc, həm kədər yaşları,  ürəyimizdə yarısı qəmdən, yarısı sevincdən yoğrulmuş bir duyğu ilə yaşadıq o anı, amma çox şükür, esitdik o təntənəli Səsi. O xoş sorağın sədalarnı bütün dünyaya yaymış cəsurların hər birinin cismani və ya ruhani  varlıqlarına sonsuz salam, ehtiram və səcdə!.. Ödənilməsi mümkün olmayan Haqqını halal et, Vətən Əsgəri!..

İmarət Cəlilqızı