- Mədəniyyət

“Avropa İttifaqı Azərbaycan üçün” adlı sərgi başa çatıb

Oktyabrın 21-də Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı fotosərginin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı qalereyada təşkil olunmuş fotosərginin bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko və Aİ ölkələrinin səfirləri iştirak ediblər.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlığın uzunmüddətli tarixə malik olduğunu vurğulayan səfir Peter Mixalko deyib: “Bu sərgi Aİ ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər müxtəlif yönümlü olduğunu nümayiş etdirməyə kömək edib. Bütün bunlar Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə uğurlu tərəfdaşlığımızın nəticəsidir. Gələcək əməkdaşlıq üçün bizim əla prespektivlərimiz var, bu əməkdaşlığı dərinləşdirmək və yaxşı nəticələrə nail olmaq üçün imkanlar genişdir. Bu il Aİ-dən Azərbaycana baş tutan yüksək səviyyəli səfərlər göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Biz böyük miqyasda nəticələr əldə etmişik”, – deyə səfir vurğulayıb.

Şərq Tərəfdaşlığının prioritetlərinə toxunan Peter Mixalko qeyd edib ki, bu, həm də Aİ-nin prioriteti olan yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və sair daha güclü iqtisadiyyat üçün vacibdir: “Gələcəkdə də biz Azərbaycanla güclü və dayanıqlı tərəfdaşlığımıza davam edəcəyik. Azərbaycanla əməkdaşlığımızı gücləndirmək üçün mən də intensiv fəaliyyət göstərəcəyəm”.

Qeyd edək ki, sentyabrın 23-dən ictimaiyyətə açıq elan edilmiş sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb. Sərginin təşkilində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı artırmaqdan ibarət olub.