- Mədəniyyət

Azərbaycan İordaniyada keçiriləcək mədəniyyət və incəsənət festivalında iştirak edəcək

İordaniyanın qədim Ceraş şəhərində 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək. AZƏRTAC festivalın təşkilat komitəsinə istinadla xəbər verir ki, 11 gün davam edəcək beynəlxalq festivalda ölkəmiz Azərbaycan Dövlət Rəqs Ansamblı ilə təmsil olunacaq.

Azərbaycanlı incəsənət ustaları sentyabrın 28-də Ceraş şəhərinin mərkəzi meydanında milli rəqslərimizi təqdim edəcəklər. Festivalda, həmçinin ərəb ölkələrinin 70-dən artıq müğənni və folklor qruplarının çıxışları olacaq. Bundan başqa, Yaxın Şərqin tanınmış şair və yazıçılarının əsərlərindən ibarət ədəbiyyat və poeziya axşamları da təşkil olunacaq. COVID-19 pandemiyası ilə bağlı Ceraş şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb, tamaşaçılar və iştirakçılar üçün vaksin sertifikatı tələbi qoyulub.

Azərbaycan Dövlət Rəqs Ansamblı 10 il əvvəl İordaniyada keçirilmiş Azərbaycan Mədəniyyət Günlərində də iştirak etmişdi.