Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu il pandemiya səbəbindən turizm işçilərinin peşə bayramı geniş tədbirlərlə qeyd edilməsə də, bu sahənin inkişafı hər zamankı kimi yenə də, dövlətin ciddi nəzarətindədir.
Dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.
2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.
Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.
İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Ən mühüm tədbirlərdən biri Dövlət Turizm Agentliyinin nəzdində əsas vəzifəsi qoruqlardakı mədəni irsin effektiv idarəolunmasını təmin etmək, qoruqların büdcədən kənar gəlirlərinin daha səmərəli istifadəsinə nail olmaq olan Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsinin yaradılması olub.
Rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə təmir olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu tamamilə yeni konsepsiyada bərpa olunaraq turistlərin ixtiyarına verilib. Bundan əlavə, Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruqdan digəri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Prezidentin müvafiq Sərəncamına əsasən hazırlanan yenidən qurulması konsepsiyası təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik konsepsiyanın əsas məqsədi qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası yolu ilə Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Eləcə də “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.
Qeyd edək ki, 2019-ci il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESCO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.
İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
azərtac.az