- Köşə

Firidun AĞAZADƏ. BMT – oyuncaq?..

Dünya hadisələrini az-çox izləyən hər bir adam görür və bilir ki, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər bir ad daşıyan qurum yarandığı gündən bəri güclü dövlətlərin əlində bir vasitə və oyuncaq olub. Məramı haqq və ədalətə xidmət olan bu təşkilat beləcə haqlının yox, güclünün mənafeyi keşiyində durub, neçə-neçə millətin haqlı istəyinə göz yumub, çar-naçar veto və embarqolar tətbiq edib. Gah sionizmin çaldığı havaya oynayıb, müsəlman dünyasının səsini eşitməyib, gah da hərbi mafiyaların dəmini tutub, dənizdə, “səhrada fırtınalar” qopmasına icazə verib.   

Bu təşkilatdan hətta onun daimi üzvləri biri-birinə qarşı istifadə edərək bəzən ikisi, bəzən üçü birləşib o birini təkləyib siyasət aləmində öz “maraq dairələrini” “həyati mənafe zonalarını” yaradıblar.

Zorun diktəsi öz işini görüb. Bəzən heç kiçik dövlətlərin, xalqların səsi BMT-yə gedib çatmayıb. Vəkillər isə həmişə təmənnalı olublar.

Dünyanın sosializmə və kapitalizmə bölündüyü vaxtlarda da belə olub, indi də belədir. Bu yaxınlarda İnternet şəbəkəsində BMT-nin sabiq baş katibi Butros Butros-Qalinin bir etirafı qarşıma çıxdı. SSRİ-nin dağılmasına münasibət bildirən cənab Butros Butros-Qali öz etirafında “keçmiş SSRİ-yə qarşı mübarizə aparmaq üçün BMT-nin gündə 2 milyard dollar sərf etdiyini” vurğulayıb.

“Mən bir kuklayam…  Artıq kuklaya çevrildik” – bunlar da Cənab Baş Katibin sözləridir. 

30 il Azərbaycanın haqlı səsini eşitməyən BMT və sair dünya darğaları lazım olanda dərhal səsini çıxarır, amma Ermənistanın təcavüzünə göz yumurdu. Bu nə təəssübkeşlikdir? Butros Qali qeyd edir ki, BMT-nin daimi ordusu olmadığı üçün o, hadisələrə müdaxilə edə bilmir, bu səlahiyyəti əsgəri, təchizatı və pulu olan dövlətlərə verir. “Heç kim dünya polisi olmaq istəmir. İstər Haitidə, istər Ruandada əməliyyatların bütünlüklə BMT-nin nəzarətində olmasını istəyirəm. Lakin əsgər, təchizat və pul olmadıqda istər-istəməz bir ölkəyə səlahiyyət verir və ondan sonra bir iş görməməyi üstün tuturam.”

Soyuq müharibədən sonra dünyanın müxtəlif ölkələrində meydana gələn münaqişələrə müdaxilə etmək məsələsində çətinlik çəkdiklərini bildirən Butros Qali deyir: “Bu cür problemləri həll etmək üçün BMT-nin daimi bir ordusu olmalıdır.”

“Artıq kuklaya çevrildik” – deyən Butros Butros-Qali cənabları 1994-cü ildə ölkəmizə səfərə də gəlib. Amma Azərbaycanın zəbt olunmuş bölgələrindən işğalçı erməni qoşunlarının çıxarılması barədə BMT-nin qətnamələri yerinə yetirilmədi. Azərbaycan bu missiyanı özü yerinə yetirdi. Çünki erməni lobbisinə “ləbbeyk” deyən dövlətlər yenə də BMT-ni kuklaya çevirməkdədirlər… Butros Butros-Qali  olsun, ya da “BMT-də islahatlara ehtiyac var” deyən Antoniu Qutteriş… ədaləti gücün tərəfində görürlər.  Əgər belə isə, onda “bu ləinin də işi qullabıdır…”  

p.s Yaddan çıxarmayaq, cənab Butros Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü idi.