- Mədəniyyət

Hindistanda xeyriyyə bazarında Azərbaycan mətbəxinin təqdimatı olub

Dehli Qadınlar Birliyi Assosiasiyasının (DCWA) təşkil etdiyi payız xeyriyyə bazarı çərçivəsində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30 illiyi ilə bağlı Azərbaycan mətbəxinin təqdimatı keçirilib.

Azərbaycanın Hindistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı Azərbaycanın zəngin milli mətbəxi barədə iştirakçılara məlumat verilib, bəzi yeməklərin hazırlanması prosesi nümayiş etdirilib. Qonaqlara paylanılan Azərbaycan yeməklərinə aid broşürün ön səhifəsində 44 günlük Vətən müharibəsində Qələbəmizin simvolu olan Xarıbülbül çiçəyi əks olunub.

Tədbir iştirakçıları Azərbaycan yeməklərinin dadından çox ləzzət aldıqlarını bildiriblər.

Xeyriyyə bazarında əldə edilən gəlir DCWA tərəfindən humanitar məqsədlər üçün istifadə ediləcək.