- Köşə, Manşet

Kim BİLİR. İgidin sağı-solu olmaz

Bu gün xəbər yayılıb ki, İran parlamenti ölkədəki etirazlarla bağlı qapalı iclas keçirib. Bu barədə IRNA xəbər verib. İranın daxili işlər naziri Əhməd Vahidi və İran Polisinin rəisi, briqada generalı Hüseyn Əştəri də çıxış etməli imiş. Onlar çıxış edibmi, çıxışa giriş edibmi, sonra girişdən çıxış edibmi – bilmirəm…  

Bircə onu bilirəm ki, İran Prezidenti İbrahim Rəisi şəhadət barmağını birbaşa hədəfə doğru yönəldib, sonra bir az silkələyib və deyib ki, etiraz aksiyalarının İslam Respublikasının düşmənləri təşkil edib. Məqsədləri ölkənin inkişafına mane olmaqdır. Di yeriyin. Elə bilirdiniz, bəd niyyətiniz təxsisati-məsturə kimi gizli qalacaq?

…Dünyanın işi belədi. Dünya paxıl adamlarla doludur. Bir ölkə ki, inkişaf elədi, o saat başlayırlar nəsə fənd-feil işlətməyə, tas qurmağa, bəddua etməyə, bir sözlə, min bir oyundan çıxmağa ki, məzkur ölkə inkişaf eləməsin.

Amma İran inkişaf edir. İranda İslam İnqilabı baş verəndən bu ölkə aramsız inkişaf edir: sübh tezdən inkişaf edir, çeşdə vaxtı inkişaf edir (bilməyənlər üçün: çeşdə sübhlə günorta arasındakı vaxt kəsimidir), günorta inkişaf edir, ikindi vaxtı inkişaf edir, axşam inkişaf edir, gecə yatsı namazı öncəsi, namaz vaxtı və namaz sonrası inkişaf edir…

İllərdən bütün illərdə – miladi ilində inkişaf edir, hicri-şəmsidə inkişaf edir, hicri-qəməridə inkişaf edir. Aylardan bütün aylarda: fərvərdində inkişaf edir, ordibeheştdə inkişaf edir, xordadda, mordadda, deydə, bəhməndə, esfənddə – ayların hammmısında, hammmısında inkişaf edir.

Həri… İranın qəlbi ayrım yuxası kimi nazik, sifəti nurla liməlim dolu, intellektinin konturları düşmənə göz dağı olan mollaları dəstəmaza duranda inkişaf edir, aftafaya (pardon) su dolduranda inkişaf edir, dəstəmaz alanda inkişaf edir, namaz qılanda, namazdan duranda, sulu qəlyan çəkəndə, məsciddə siğənin müəzzəm faidələrindən danışanda inkişaf edir. Siğə təmənnası olan qadınlar ziyarət vaxtı qarşı tərəfdən bu təmənnada olanlar bunu bilsn deyə çadrasını tərsinə örtəndə də inkişaf edir.  Sonra vüsala yetmək üçün siğə olunan qadın «Zəvvəctukə nəfsi fil-muddətil-mə`luməti ələl-məhril-məlum» deyəndə də,  kişi qarşılıq olaraq fasilə vermədən tezcə «Qəbiltu» deyəndə də inkişaf edir.

Axundlar cümə günü doqquz yaşına çatmamış (papaqla vuranda yıxılan, demək, evlilik vaxtı hələ çatmamış), südəmərlik dövrü ilə 9 yaş arası qız uşaqlarından (oxuculardan üzr istəyirəm) cinsi həzz almağın “məşru metodları” barədə Xomeyninin buyruqlarını sadalayanda da inkişaf edir…

O ayı birini meşədə yaxalayıb əlini belinə basıb qana bələmişdi ha, onda da inkişaf edib, zərərdidə “ya Əbəlfəz” deyə hayqıranda da inkişaf edir, ayı bunu eşitcək it kimi peşman olanda inkişaf edir, axund Əhliman Cəlilabadın Mərdimazarlar məhəlləsinin əhlinə bu vaqeəni danışanda inkişaf edir, ayı belini qırdığı (və ya qıran kimi etdiyi) adama ilkin tibbi yardım göstərəndə də inkişaf edir, maşın saxlayıb, onu evə göndərəndə də inkişaf edir.

Yevlaxlı müəllimə şagirdlərinə “Səlam, fərmandeh” oxudanda inkişaf edir,
Ayətullah Xamneyi “Qarabağın Azərbaycana qayıtmasından məmnun olduğunu” izhar edəndə də inkişaf edib. 80-ə yaxın İran şirkəti Qarabağda ermənilərlə işləyəndə də inkişaf edirdi. 44 günlük müharibə bitəndən sonra qələbənin ayətullahların fətvası sayəsində əldə edildiyi xəbəri yayılanda da inkişaf edirdi. 44 günlük müharibədən sonra “Qarabağın Azərbaycana qayıtmasından məmnun” əmmaməlilərin Qarabağdakı ermənilərə yardım göndərdiyi avtomobillərin sənədlərində “Stepanakert, Armenia” yazıldığı ifşa olunanda da inkişaf edirdi…

Uşaq kimi məsum olan cumbulu molla “vay, Hoseyn, koşte şod” deyən sərçəni seyr edib sonra sitat gətirəndə də inkişaf edirdi.

İnkişaf etmək istəyənin sağı-solu olmaz: nə eybcuya baxar, nə bədguya. Bu ölkə qədimdə də inkişaf edib, indi də edir, hələ bundan sonra da inkişaf edəcək. Dini doktrinasında təqiyyəni (yalan və riyakarlıq) etiqadi fərz kimi qəbul edən bir dövlətin qarşısını heç bir güc ala bilməz. Di yeriyin…

Xeyirli bazar ertələri…

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova