- Mədəniyyət

Məşhur rus yazıçısı Valentin Katayevin yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirilib

Bakıdakı Rus Evi (RİMM) və Rus Kitab Evi “Kitablar və yubilyar yazıçılar” layihəsi çərçivəsində məşhur rus yazıçısı və şair Valentin Katayevin anadan olmasının 125-illiyinə həsr edilmiş dəyirmi masa keçirib.

AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin Bakıdakı 91, 151 və 153 №-li məktəblərin 7-8-ci sinif şagirdlərini salamlayıb.

Bakıdakı 151 №-li məktəbin rus dili və ədəbiyyatı müəllimi Sənubər Almasova mühazirə ilə çıxış edib. O qeyd edib ki, Valentin Katayevin əsərləri onilliklər boyu öz aktuallığını saxlayır, bu əsərlərin qəhrəmanları isə yaşından asılı olmayaraq bütün oxucuların xeyirxah dostlarına çevrilib, öz dövrünün mürəkkəb və ziddiyyətli dünyasını təsvir etməklə oxucuları riqqətə gətirirlər.

Yazıçının “Alay oğlu” povesti geniş oxucu kütləsinə məlum olan əsərləri arasında xüsusi yer tutur. Bu əsərdə Böyük Vətən müharibəsi dövründə ailəsini və öz uşaqlığını itirmiş Vanya Solntsev adlı sadə bir oğlanın həyatından bəhs edilir. Qızıl Ordunun döyüşçüləri ilə döyüşdən sonra Vanyanın taleyi tamam dəyişir. Onların köməyi ilə Vanya intizamlı və Vətənini sevən həqiqi kəşfiyyatçı olur.

Tədbir iştirakçılarına İkinci Dünya müharibəsi haqqında kitablar təqdim edilib, “Valentin Katayev. Bioqrafiya” adlı film nümayiş etdirilib.

Rus Kitab Evinin direktoru İsrafil İsmayılov tədbirdə iştirak edib. Rusdilli tədris müəssisələrinin müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina dəyirmi masaya yekun vurub.