- Dil, Manşet

Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsi yaradılır

Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılır.

AZƏRTAC xəbər verir ki, bu barədə ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva arasında keçirilən görüş zamanı razılaşdırılıb.

Məsələlərin daha ətraflı müzakirəsi, habelə Universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi üçün müəllim və dərsliklər məsələsi, Azərbaycan tərəfinin bu işə dəstəyini müzakirə etmək məqsədilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetin Türkologiya fakültəsinin dekanı, dosent Cüməli Şabanov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində direktor Samir Abbasovla görüşüb.

Görüşdə cari ilin fevral ayından sözügedən fakültənin fəaliyyətə başlaması, ilkin olaraq sınaq müddətinə tədrisin həyata keçirilməsi razılaşdırılıb. Əsasən Türkologiya fakültəsinin bazası əsasında Azərbaycan dili fakültəsi təşkil olunacaq.

Cüməli Şabanov əvvəlcə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılması işinə dəstək üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkürünü bildirib. 2023-ci ilin ilk yarısından Daşkənd Dövlət Şərqşünaslıq Universitetində fəaliyyətə başlayacaq Azərbaycan dili fakültəsi növbəti tədris ilində daha da genişləndirilməsi, sözügedən fakültəyə ayrıca tələbə qəbulu, Azərbaycandan müəllimlərin dəvət olunması, habelə Azərbaycan dili ilə yanaşı, ədəbiyyatı və tarixinin tədris olunacağını qeyd edib.

Samir Abbasov layihəyə görə Özbəkistan dövlətinə, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə öz təşəkkürünü bildirib. Həmçinin Özbəkistanda Azərbaycan dili fakültəsinin fəaliyyətə başlamasının iki ölkə arasında əlaqələrdə mühüm hadisə olduğunu vurğulayıb.

O, sınaq müddəti ərzində tələbələrə Azərbaycan dili dərslərinin dil kursları üzrə təlimçi Salama Fətəliyeva tərəfindən aparılacağını bildirib. Samir Abbasov sözügedən fakültənin nəşr, əyani vəsait, dərsliklərlə təminatı işinə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstək göstərəcəyini bildirib.

S.Abbasov yaradılan fakültənin gələcək fəaliyyəti, mühazirə və seminarlar üçün azərbaycanlı müəllimlərin, mütəxəssislərin gələcəkdə buraya cəlb olunması, habelə ilkin olaraq müxtəlif alimlərimizin Azərbaycan dilinə dair Özbək tələbələr üçün onlayn dərslərin aparılması istiqamətində işlər görüləcəyini bildirib. Eyni zamanda, bu istiqamətdə Azərbaycanın müvafiq ali məktəbləri ilə danışıqların aparılacağını da qeyd edib.