- Cəmiyyət

PUA hücumundan sonra Rusiyada iki NEZ-də yanğın baş verib

Ukrayna avqustun 8-nə keçən gecə Rusiyadakı İlsk və Sızran neft emalı zavodlarına (NEZ) hücum edib, nəticədə hər iki müəssisədə yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”, Krasnodar diyarının operativ qərargahı və Rusiya Federasiyası Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev teleqram kanalında məlumat yayıb.

“Pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi səbəbindən İlsk NEZ-də yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb”, – regionun operativ qərargahının məlumatında bildirilib.

Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisə yerində operativ xidmətlər işləyir.

“RBK-Ukrayna”nın məlumatına görə, Rusiya Federasiyasının Samara vilayətindəki Sızran NEZ də zərbəyə məruz qalıb.

Regionun qubernatoru Vyaçeslav Fedorişev təsdiqləyib ki, bu gecə vilayətin sənaye müəssisələrindən biri Ukrayna PUA-sının hücumuna məruz qalıb.

“Hazırda fəsadların aradan qaldırılması davam edir. Operativ xidmətlər PUA-nın düşdüyü yerdə işləyir. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir”, – o yazıb.

Operativ xidmətlər hücumun fəsadlarını aradan qaldırmağa davam edir. Hadisənin şəraiti və zədələnmələrin miqyası dəqiqləşdirilir.