- Mədəniyyət

Şuşa Teatrında “Ağıldan kəm Jurden” tamaşasına daxili baxış keçirilib

Şuşa Dövlət Musiqili Dram Teatrında rus yazıçısı Mixail Bulqakovun “Ağıldan kəm Jurden” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, baxış Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Bədii Şura üzvlərinin iştirakı ilə reallaşıb.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.

Səhnə əsərində Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Sürahi Əlimmədova, Emin Sevdiməliyev, Mətanət Eres, Azər Məmmədov, Təranə Əliyeva, Cavid Cavadzadə, Orxan Abışov, Hamlet Qənbərov, Rəhimə Məmmədova, Dürdanə Dünyamalıyeva, Mobil Qurbanov çıxış edib.

Tamaşaya baxışdan sonra keçirilən müzakirə zamanı səhnə əsəri haqqında fikirlər səsləndirilib, Bədii Şura tərəfindən tamaşa qəbul edilib və teatrın cari repertuarına əlavə edilib.

“Ağıldan kəm Jurden” tamaşasının premyerası iyulun 15-də olacaq.