- Dil, Manşet

Vasif SADIQLI. “Bu daha çox Qabillə Habilin qardaşlığına bənzəyir”

Rusiyanın ukraynalılara qarşı assimilyasiya siyasətinə dair bəzi qeydlər (III hissə)

Rusiya prezidenti Vladimir Putinin “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı 12 iyul 2021-ci ildə kremlin.ru rəsmi saytında dərc edilmiş publisistik məqaləsi xüsusən Ukrayna cəmiyyətində birmənalı qarşılanmayıb.

Belə bir məqalə yazdığını Vladimir Putin 2021-ci il iyunun 30-da keçirilən ənənəvi “Vladimir Putinlə birbaşa xətt” illik tədbiri zamanı elan edib. Həmin tədbirdə o, ruslar və ukraynalıların eyni xalq olduğunu bəyan edib, bu məsələ ilə bağlı mövqeyini ətraflı ifadə edəcəyinə söz verib.

Ukraynada keçirilən rəy sorğularına əsasən, məqalədəki “ruslardan ayrı Ukrayna xalqının olması ideyası üçün heç bir tarixi əsas yoxdur və ola da bilməzdi. Ukraynalıların və belarusların ayrı-ayrı xalqlar kimi ayrılması Sovet milli siyasətinin nəticəsidir” iddiası ilə  Ukrayna əhalisinin 70%-i razı deyil. Ölkənin qərb bölgəsində bu göstərici 90% təşkil edir.

Putin bu məqaləsində onu da yazıb ki, müasir Ukrayna ərazisi daha çox tarixi Rusiyanın əraziləri hesabına yaradılıb, bunun nəticəsində Rusiya faktiki olaraq qarət edilib.

Məqalədəki iddialar – Ukraynanın özünəməxsus identikliyinə məhəl qoyulmaması, rus superetnosunun önə çəkilməsi müxtəlif dövrlərdə müxtəlif insanlar tərəfindən dilə gətirilən “Ukrayna kimi ölkə yoxdur və bu coğrafiya tarixi Rusiya torpağının bir hissəsidir” fikrini yada salır.

“Rusiya prezidenti Vladimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi əslində Ukrayna Anşlüsü üçün bir ssenaridir”. “Ukrinform”un müxbirinin verdiyi məlumata görə, bunu Şərqi Avropa tarixi üzrə ekspert, Yel Universitetinin professoru Timoti Snayder Kiyevdə Yalta Avropa Strategiyası  forumunda çıxışı zamanı deyib.

“Əslində bu opus (V.Putinin məqaləsi – red.) anşlüs ssenarisidir. Yəni onun arqumenti belədir: “Siz (Ukrayna. – red.) dövlət olduğunuzu düşünürsünüz? Siz əslində dövlət deyilsiniz. İcazə verin sizə deyim, bizim hansı tarixi bağlarımız var”. Bu, əslində 1938-ci ilin ritorikasıdır. Bu, Avstriyanı ilhaq edən Hitlerin ritorikasıdır”, – deyə Snayder bildirib.
https://www.ukrinform.ru/rubric-polytics/3314086-stata-putina-ob-odnom-narode-avlaetsa-scenariem-anslusa-ukrainy-amerikanskij-istorik.html 

V.Putinin məqaləsinə Prezident Vladimir Zelenskinin reaksiyası da maraqlıdır:

“İnsanın Ukrayna dilini bilməsi xoşdur… Əgər Rusiya Federasiyasının prezidenti Ukrayna dilində yazmağa başlayıbsa, deməli, biz hər şeyi düzgün edirik”, – deyə Prezident Zelenski bildirib.

Ukraynalıların və rusların “qardaş xalq” olması tezisinə gəlincə, Zelenski qeyd edib: “Biz faşizm üzərində qələbədən, İkinci Dünya Müharibəsi və nə qədər ukraynalının həyatını itirməsindən danışanda unuduluruq. Digər hallarda isə bizim qardaş xalq olduğumuzu xatırlayırlar… Bunu etmək qardaşlığa yaraşmır. Bu, daha çox Qabillə Habilin qardaşlığına bənzəyir”.
https://www.golosameriki.com/a/putin-ukraine-history-article/5964154.html

Bütün bunları indi xatırlatmağım təsadüfi deyil. Rusiyanın 3 əsr bundan əvvəl başlayan assimilyasiya siyasəti iflasa uğrayır. Bunu son illərin statistikası da göstərir. Rusiya bu uzaqlaşmanın qarşısını işğaldan başqa yolla ala bilməzdi…