- Mədəniyyət

Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr edilmiş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan ənənəvi və onlayn konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək konfransın əhəmiyyəti barədə danışıb. Bu il rəhbərlik etdiyi muzeydə bir sıra tədbilərin keçirildiyini haqqında məlumat verən Şirin Məlikova deyib ki, Xalq rəssamının 100 illiyinə hər edilmiş konfrans da bu silsilədəndir: “Biz bu il Xalça Muzeyində bir sıra silsilə tədbirlər keçirmişik. Bugünkü tədbir də Xalq rəssamı Kamil Əliyevin 100 illiyi çərçivəsində reallaşıb. Bu konfrans hibrit formatında keçirilir. Pandemiya ilə əlaqədar xarici həmkarlarımız bu konfransa videoformatda qoşulacaqlar. Konfransda müxtəlif ölkələrdən olan muzey işçiləri , rəssmalar və xalça üzrə ekspertlər məruzələrlə çıxış edəcəklər”.

Şirin Məlikova konfrans çərçivəsində qonaqlar üçün mədəni proqramın nəzərdə tutulduğunu diqqətə çatdırıb və “Kamil Əliyev: rəssam və dövr” adlı məruzə ilə çıxış edib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək qonaqları salamlayıb və konfrasın önəmindən söz açıb.

Sonra akademikin “Müsəlman Şərqinin xalça dili və ənənələri müstəvisində Azərbaycan xalça dili və dialektlərinin özünəməxsusluqları” mövzusunda məruzəsi dinlənilib.

Konfrans məruzələrlə davam edib.

İkigünlük akademik sessiyada konfrans iştirakçıları “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər.