Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Fonddan AZƏRTAC-a bildirilib ki, protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin, o cümlədən Türkiyənin ödənişləri əsasında formalaşdırılacaq.
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikasının dövlət başçılarının dəstəyi ilə yaradılıb. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Toplantısında Özbəkistan təşkilata üzv, Macarıstan isə müşahidəçi ölkə statusunu qazanıb. 2021-ci il fevral ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı Səfirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Təşkilatın mənzil- qərargahı Bakı şəhərində yerləşir. Qeyd edək ki, fondun binasının açılış mərasimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində 2019-cu il oktyabrında fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, beynəlxalq türkdilli təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutub.