Rusiyada yaşayan həmvətənimiz Sabit Əliyev “Sergey Yesenin-125 il” mükafatı ilə təltif edilib.
“Rus lyubimaya” (“Sevimli Rusiya”) ədəbi mükafatına layiq görülənlərin təltif edilməsi mərasimi Moskva Mərkəzi Ədəbiyyatçılar Evində keçirilib.
Nominantlar arasında yazıçı Sabit Əliyev də olub. O, “Sergey Yesenin-125 il” mükafatı ilə təltif edilib.
Rusiya Yazıçılar İttifaqı tərəfindən təsis edilmiş bu medal müasir rus ədəbiyyatının inkişafına verilmiş töhfələrə görə təqdim edilir.
Sabit Əliyev Rusiyada yaşayır. O, atalar və oğullar, kişilər və qadınlar arasında münasibət problemlərinə həsr edilmiş psixoloji romanların müəllifidir. Bir il bundan əvvəl onun “Mənim evim Şuşa” adlı romanı çapdan çıxıb. Bu romanda müharibəni görmüş və doğma evindən ayrı düşmüş insanın keçirdiyi hisslər təsvir edilir. Rusiya oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanmış bu kitab oxuculara azərbaycanlı qaçqınlar probleminə obyektiv mövqedən yanaşmaq imkanı verib və ədəbiyyat tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. (azertag)