- Mədəniyyət

Kitab sərgisində növbəti təqdimat – “Bəhram Gur və Dürsəti” xalçası

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində oktyabrın 9-da “Bəhram Gur və Dürsəti” xalçasının təqdimatı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu xalça dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilib.

Taryer Bəşirov görüş iştirakçılarına xalça haqqında ətraflı məlumat verib. Bildirib ki, xalçada ara sahənin mərkəzində ağ günbəzli sarayda Bəhram Gur və yeddinci sarayın gözəli Dürsəti təsvir olunub. Sarayın ətrafında isə Dürsəti tərəfindən nəql edilən hekayədən fraqmentlər verilib. Keyfiyyətli yun və ipəyin qarşığından toxunan xalça xüsusi parlaqlığa malikdir. Xalça yüksək sıxlıqda toxunduğu üçün üzərindəki miniatürlər aydın şəkildə görünür.

Sonda rəssam iştirakçıların suallarını cavablandırıb. (azertag)