Türk Musiqisi Federasiyasının (TÜMFED) həyata keçirdiyi “Türkün dili, türkün səsi” layihəsi çərçivəsində Azərbaycan şairlərinin şeirlərinə türk bəstəkarları tərəfindən musiqi bəstələnib.
“Bir millət, iki dövlət” şüarı altında həyata keçirilən layihədə eyni zamanda, Azərbaycan mahnıları türk dilinə çevrilib.
Layihə ilə bağlı məlumat verən TÜMFED-in rəhbəri Kadri Şarman 2015-ci ildən etibarən fəaliyyət göstərən federasiyada ölkə daxilindəki türk musiqi birliklərini bir araya gətirdiklərini bildirib. Qeyd edilib ki, iki qardaş ölkə arasındakı sıx bağlardan irəli gələn layihənin başladığı gündən indiyədək Azərbaycandan 800-dən çox şeir federasiyaya təqdim edilib. Onlardan 30-na türk bəstəkarları musiqi bəstələyib. Hazırlanan bu mahnıların Türkiyə və Azərbaycan musiqiçilərinə təqdim edilməsi planlaşdırılır.
Federasiyanın bununla bağlı Bakıda konsert proqramı təşkil etməsi nəzərdə tutulur. (azertag)