- Mədəniyyət

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Qarabağa kitabla gedək” layihəsinin təqdimatı olub

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzinin təqdimat zonasında Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” adlı kitabtoplama layihəsinin təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən danışıb. Bildirib ki, qazanılan tarixi Qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Kərim Tahirov qeyd edib ki, bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə-yeksan olunub, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılıb.

Prezident İlham Əliyevin işğaldan azad olunan rayonlara – Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan, Ağdama səfərləri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “… biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitabtoplama kampaniyasına başlayıb.

Bu layihəyə ilk qoşulan Xalq yazıçısı Elçin olub. O, şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim edib. Daha sonra layihəyə xeyli sayda ziyalılarımız, yazıçı və şairlərimiz, nəşriyyatlarımız və bütün ölkə vətəndaşları qoşulub. Direktor onu da qeyd edib ki, Milli Kitabxananın saytında layihə haqqında məlumatlar əks olunub.

Son olaraq Kərim Tahirov bütün Azərbaycan xalqını, ziyalıları, müəllifləri, naşirləri bu kampaniyada iştiraka səsləyib.

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bütün sərgi iştirakçılarına fəal iştiraklarına görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birlikdə ilin əvvəlində “Qarabağa kitabla gedək” layihəsinə start verib. Hazırda bu aksiya çərçivəsində 55 min 482 kitab toplanılıb. Bu gün biz Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq. O, bir daha bütün nəşriyyatlara, müəlliflərə üz tutaraq bu kampaniyada fəal iştiraka səsləyib.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində bir sıra nəşriyyatlar bu layihəyə öz nəşrlərini təqdim ediblər.

Sonra “İpəkyolu” nəşriyyatından Ramiz Məmmədov çıxış edərək belə gözəl ideya üçün Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, kitab bir işıqdır, mədəniyyətdir. Mədəniyyətimizi Qarabağa geri qaytarmaq hamımızın borcudur.

BDU-nun elmi kitabxanasından Nigar İsmayılova çıxış edərək əvvəlcə layihənin təşkilinə görə öz təşəkkürünü Mədəniyyət Nazirliyi və Milli Kitabxanaya çatdırıb. Bildirib ki, Bakı Dövlət Universitetinin, eləcə də onun kitabxanasının bir əsr tarixi var. Biz də elmi kitabxana olaraq bu layihəyə ilkin olaraq minə yaxın ədəbiyyat bağışlamışıq. Tezliklə kitabxananın mübadilə fondundan yenidən kitabları bu məqsədlə Milli Kitabxanaya təqdim edəcəyik.

Sonda VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ən yaxşı ekpozisiya nöminasiyası üzrə Azərbaycan Milli Kitabxanası qalib seçilib və kitabxananın direktoru Kərim Tahirova xüsusi serifikat təqdim edilib. (azertag)