- Ədəbiyyat

Alışdığım adamsan

Xatirə Xatun

Sən mənim həyatıma gec gələn ilk baharım,
Bir az yasəmən ətri,  bir az da ki dumanla.
Qışda açan çiçəyim, yaz çağı yağan qarım,
Səndən vəfalı çıxan həsrətinə zamanla
Alışdığım adamsan…

Basdırdım o sevgini, arxasınca yas tutub,
Sən gördüyün o qəlbi indi bulud, sis tutub.
Uzun gecələr boyu şəkillərinə üz tutub
Danışdığım adamsan…

Çəkir mənim səbrimi sınağa Allah yenə,
Sənə gəlib çatmadı o çəkdiyim ah yenə,
Xəyalınla  gah küsüb, birdən olur gah yenə
Barışdığım  adamsan…

Mən qorudum bu eşqi içimdəki o qışdan.
Sənə xəbər yolladım küləklərdən, yağışdan,
Zənglərini açmayıb sonra dostdan-tanışdan
Soruşduğum adamsan…

Zaman yaddaşımızdan bir gör nələri sildi,
Amma yadigar qalan məktublardı, şəkildi.
“Kim daha tez unudar” – deyə gör neçə ildi
Yarışdığım adamsan…
Yarışdığım adamsan…

08.07.2019.