“The Beatles” rok-qrupunun yaradıcılarından olan Pol Makkartni hesab edir ki, kollektivin dağılması həmkarı Con Lenonun qərarı olub.
Bu barədə Liverpul dördlüyünün bassisti BBC-yə verdiyi açıqlamada deyib.
“Mən qrupun dağılmasına çalışmırdım, bunu edən Condur”, – deyə Pol Makkartni etiraf edib. 79 yaşlı musiqiçinin sözlərinə görə, Con Lenon bir gün otağa daxil olub qrupu tərk edəcəyini söylədi. Sonra əlavə etdi ki, onun getməsi boşanmaya bənzəyir.
Con Lenon qrupu tərk etməsəydi, “The Beatles” öz fəaliyyətini davam etdirərdimi sualına Pol Makkartni əminliklə “ola bilər” deyə bildirib və əlavə edib ki, qrupun dağılması onun həyatında ən çətin vaxtlar idi.
“Bu, mənim qrupum, mənim işim idi. İstəyirdim ki, bu, belə də davam etsin. Düşünürdüm ki, bizimki elə də pis alınmırdı – “Abbey Road”, “Let It Be” kifayət qədər yaxşı mahnılardı. Elə bilirdim ki, hər şey qarşıdadır”.
Qeyd edək ki, “The Beatles” qrupu “Rolling Stone” jurnalının yazdığına görə bütün zamanların ən yaxşı ifaçıları siyahısında yer almışdır. Liverpuldan olan rok kollektivi tarixdə ən uğurlu musiqi qrupudur. Dördlüyün satdığı audiodisklərin sayı 600 milyonu ötüb. (azertag)