Annecy Festivalı (Fransa), Saqanima Gürcüstan Animasiya Assosiasiyası və Animafilm Festivalı (Azərbaycan) birgə “Animated Film Project Pitching” vorkşopuna ərizə qəbulu elan edib.
“Animafilm” Beynəlxalq Animasiya Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı (Annecy International Animated Film Festival and Market – MİFA), Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vorkşopuna qoşulur.
2021-ci il noyabrın 8-dən 12-dək Tbilisidə keçiriləcək 5 günlük vorkşop (işçi dili –ingilis dili), Azərbaycan və Gürcüstan animasiya müəllifləri üçün məşhur fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz fürsət təmin edəcək.
Vorkşopun sonunda Annecy Festivalının mütəxəssisləri tərəfindən seçilmiş bir layihə 2022-ci ildə festival üçün MIFA akkreditasiyasına layiq görüləcək. Eyni zamanda seçilmiş bir layihə 2022-ci il üçün bir aylıq Fontevraud Residence alacaq. Fransa və Gürcüstana səyahət edəcək azərbaycanlı iştirakçıların səyahət xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.
Qeydiyyatdan keçmək üçün iştirakçılar öz layihələrini ingilis dilində saqanima@gmail.com ünvanına göndərməlidir. Müraciət üçün noyabrın 3-ü son tarixdir. (azertag)