- Mədəniyyət

Günəş haqqında əfsanələr

Günəş hərarətinin qızındırmadığı soyuq yağışlı gün necə də sıxıntılıdır! Amma buludların arxasından Günəş boylananda necə də  sevinirik.  İnsanlar Yerdə həyat üçün Günəşin əhəmiyyətini  hələ qədim dövrlərdən başa düşüblər. Qədim insanlar Günəşi qüdrətli varlıq kimi qəbul ediblər. Onların fikrincə, həyatı Günəş idarə edir:  Günəş olmasaydı, nə bitki, nə heyvanat aləmi, nə də insan olardı.
 
Min illərlə bundan əvvəl  insanlar dan yeri söküləndə Günəşi qarsalayıblar.  Günəş çıxır, gündüz saatlarında səmadakı yolunu başa vurub qürub edir. İnsanlar bunun nə üçün baş verdiyini bilmirdilər.  Ona görə də müxtəlif əfsanələr yaradırdılar.
 
Qədim yunanların fikrincə,  dünyanı Olimp dağında yaşayan allahlar  idarə edir. Şüasaçan Helios baş allah Zevsin  oğludur.  Yunan dilindən tərcümədə  Helios Günəş deməkdir. Yunanlar  Heliosu qızıl dəbilqədə, yel qanadlı atlar qoşulmuş qızıl cəng arabasında təsvir edirdilər.  O, hər gün səhər  büllur göy qübbəsi ilə Şərqdən  Qərbə doğru irəliləyir, gündüz yolunu başa vurandan sonra  cəng arabasından düşüb qızıl  qayığa oturur, dənizdə qayıqla gündoğan tərəfə üzür. Yunanlar Günəşin hərəkətini belə izah edirdilər.
 
Qədim insanlar səmada nə görürdülərsə,  özlərinə bənzədir,  insan bədəninin əzaları ilə müqayisə edirdilər.  Məsələn, qədim Afrika sakinləri  hesab edirdilər ki,  Günəş  insandır, onun qoltuqlarının altından işıq saçır. O,  qolunu qaldıranda, hər tərəf işıqlanır, gün başlayır, qolunu aşağı salıb yatanda gecə başlayır, qaranlıq çökür. Qədim çinlilər düşünürdülər ki, Kainat nəhəngin bədənidir. O, Göy Yerdən aralanana qədər  az qala 17 min il böyüyüb. Nəhəng öləndə, onun sol gözü  Günəşə, sağ gözü Aya, səsi isə göy gurultusuna çevrilib.
 
Qədim avstraliyalılar  hesab edirdilər ki,  Günəş  gözəl qızdır. O,  ağacla  göyə dırmaşıb! Onun gözəlliyi və xeyirxahlığı  insanlara  hərarət və işıq bəxş edib. Slavyanlar Günəş allahına ibadət edir, onu Dajd, yaxud Yarilo adlandırırdılar.  Knyazlar öz hakimiyyətini möhkəmləndirmək, özlərini tərifləmək üçün insanları inandırmağa çalışırdılar ki, onlar Günəş allahının nəsilləridir.
 
Qədim Azərbaycanın  əhalisi  minilliklər boyu, hələ  zərdüştilik  dövründən Günəşə sitayiş ediblər. Bunu əfsanələr, rəvayətlər, miflər, çoxsaylı ayinlər, ənənələr, habelə  maddi mədəniyyət  abidələri təsdiq edir.
 
Novruz bayramı  ilə bağlı adət-ənənələrin bilavasitə Günəş kultuna aidiyyəti var.  Belə ayinlərdən biri “danatma” – Günəşi salamlamaq ayinidir. Xüsusi tonqalın dövrəsinə toplaşan insanlar Günəşin doğuşunu gözləyirdilər.  Günəş çıxanda “Qodu xan” mahnısı oxuyur,  tonqal ətrafında yallı gedirdilər. Sonra tonqaldan kömür götürüb öz ocaqlarını qalamaq üçün evlərinə tələsirdilər.
 
Günəş haqqında miflərin çox qədim tarixi var. Onların kökləri  lap qədim dövrlərə gedib çıxır. Qobustanda, Xocalıda, Ağdam rayonu ərazisindəki Govurqalada, Qazax rayonu ərazisindəki Eşşəktəpədə, Şamaxı rayonunun Meysəri,  Kuşi kəndlərində, Altıağacda, Abşeronda qayaüstü rəsmlər bunu təsdiq edir. Azərbaycanın mifoloji mətnlərinin birində deyilir: “Cavan Ay  Günəş qıza vurulur.  Lakin Günəş həmişə ondan qaçır. Günəş yenə də qaçıb Aydan gizlənmək istəyir, amma bacarmır. Onda əyilib yerdən bir parça gil götürüb Ayın üzünə çırpır. O vaxtdan Ayın üzündə ləkələr görünür”.
 

Bu əfsanələr kiməsə  sadəlövh görünə bilər, lakin onların hər birində  təbiətin müəmmalı hadisələrini izah etmək cəhdi var.  İnsanlar Günəş, ulduzlar və planetlər barədə elmi məlumatlar alana qədər çox illər keçib.

portal.azertag.az