Bağlı qapı…
Arxasında
sirli şeylər çox,
kilidinə düşən açar
bir kimsədə yox.
Açmaq yana,
bircə nəfər də döymədi,
dəstəyinə
ömrü boyu əl dəymədi.
Heç kim açmaq istəmədi
bu qapını,
bu kilidi.
Bağlı qapı
öz-özünə hey göynədi,
öz-özünə gah ağladı,
gah kiridi…
Bağlı qapı
bağlı-bağlı çürüdü…
Yük
Bu kövrək yükü
iki adam daşıya gərək—
əyilməsin, sınmasın deyə.
Başı hərləndi
gah sağına,
gah da soluna keçməkdən.
Yük əyilmədi, sınmadı,
amma…
çat verdi içindən,
içində gizli-gizli,
səssiz-səssiz
içini çəkməkdən…