Ötən il Azərbaycan Milli Xalça Muzeyi üçün məhsuldar olub. Belə ki, bir çox tədbirlərin, beynəlxalq elmi-praktik konfrans və layihələrin həyata keçirilməsi, dövlət bayramlarının təntənəli şəkildə qeyd olunması ilə yadda qalıb.
Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq canlı və onlayn mühazirələr, ustad dərsləri təşkil edilib.
Muzeyin kolleksiyası yeni nadir incilərlə zənginləşib, ekspozisiya yenilənib. Qarabağda, Şuşada Heydər Əliyev Fondunun dəstəyi ilə muzeyin kolleksiyası əsasında təşkil olunan sərgi, Zəfər Günü münasibətilə qeyd olunan mərasimdə “Zəfər” xalçasının təqdimatı muzey üçün ötən ilin yaddaqalan hadisələrindəndir.
Eyni zamanda, muzey tərəfindən “İnklüziv muzey” istiqamətində aparılan işlər davam etdirilib və bu sahədə böyük uğura nail olaraq Dövlət Ermitajı ilə birlikdə görmə qabiliyyəti məhdud olan insanlar üçün sərgi təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin bu və ya digər fəaliyyəti ona məxsus sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyət üçün işıqlandırılıb və bir çox tədbirlər canlı olaraq yayımlanıb.