- Ədəbiyyat

Mən yaza bilmirəm sonuncu sətri

Kamilinfo Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Vahid Aslanın (Əsgərov Vahid Aslan oğlu) şeirlərini təqdim edir.

V.Aslan 2002-ci ildən Bakı şəhərində fəaliyyət göstərən “Vektor” Beynəlxalq Elm mərkəzində redaktor vəzifəsində çalışıb. Eyni zamanda 2002-2010-cu illərdə həmin mərkəzdə nəşr olunan “Vektor” Elm Jurnalının redaktoru olub.

Şair dərc olunan kitablarına və uğurlu yaradıcılıq fəaliyyətinə görə Prezident təqaüdü, “Qızıl qələm”, “Vətən”, “Araz” və s. ali-ədəbi mükafatlarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. 9 kitab, 2 metodik vəsait, 3 monoqrafiya və 350-dən artıq məqalənin müəllifidir. Rus dilindən bir sıra maraqlı ədəbi tərcümələr etmişdir.

Onun ssenarisi əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə getmişdir. Xüsusilə onun şəhid şair Nizami Aydına ithaf etdiyi “Nizami Aydın” poeması oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. “Riyaziyyat və Poeziya” adlı kitabı isə orta məktəblərdə riyaziyyat fənni üzrə tədbirlərin keçirilməsində metodik vəsait kimi isifadə olunur.

Bilirsənmi,
Külək nə zaman
Sevilir oğlum!
Bir yay günü
Şəhər istidən qovrulanda;
Bilirsənmi,
Ürək nə zaman
Sevilir oğlum!
Kiminsə
Qaranlıq taleyinə
İşıq olanda.

 05.07.21

 Qorxma

Çox da dodağında bitməsin giley,
Həyatı sevənə nə quzey, güney…
Donunu tərpədən külək ayrı şey,
Saçına toxunan küləkdən qorxma!

Doğma bildiklərin bir gün yad olar.
Şöhrət sandıqların quru ad olar.
Nifrətin içində qan var, qada var.
Sevgiylə süslənən diləkdən qorxma!

Labirint kimidi qəliz adamlar.
Dolanbac adamlar, dəhliz adamlar…
Şifrəli ürəkdə bil ki, xəta var.
Gözündən oxunan ürəkdən qorxma!

 01.06.21

 Yağışı sevirsən

Mənim otağımda kitab qoxusu,
Sənin otağında yasəmən ətri;
Sənin gözlərinin qaçıb yuxusu,
Mən yaza bilmirəm sonuncu sətri;

Mənim otağımda payız fəslidi,
Sənin otağına yaz gəlib artıq;
Sənin arzuların gül nəfəslidi,
Mənim duyğularım köhnəlib artıq;

Mən şair babayam, bir az əhlikef,..
Sən isə uzanan romantik gecə!
Nə qədər söz verib aldatmışam, eh,..
Yenə inanırsan mənə eləcə;

Nə sözlər yaxamdan əl çəkəcəkdir,
Nə sən yatacaqsan səhərə kimi.
Tək bircə misralıq aşırım qalıb,
Mənim otağımdan şəhərə kimi.

… Yağış səsi gəlir bayırdan hələ,
Bəlkə pəncərəmdə hıçqıran sənsən!
Yağışa qoşulub gəlirəm, gözlə!
Bilirəm, yağışı sən də sevirsən!..

27.04.21

Film kimidi

Unudulan iz ki, var,
Yorğun düşən diz ki, var,
Çırpınan dəniz ki, var,
Mənim qəlbim kimidi.

Doğmayammı,.. yoxsa yad?
Yuxumdasan, rahat yat!
Səni ağladan həyat,
Mənə zülm kimidi.

Nəfəsdi – hər doğulan.
Qəfəsdi – vaxtı dolan.
Sonu ayrılıq olan –
Sevgi – film kimidi.

09.01.21